"Sabah" klubunda iki futbolçunun - Ramil Şeydayev və Məqsəd İsayevin taleyi qeyri-müəyyəndir.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi müqavilələri başa çatan hər iki oyunçu ilə hazırda danışıq aparır.
Şeydayevin komandada qalacağı çətin görünür. Onunla ölkə klublarından "Neftçi" maraqlansa da, karyerasını xaricdə davam etdirmə variantı da var. İsayevin isə razılıq əldə ediləcəyi təqdirdə, növbəti mövsümdə də "Sabah"ın formasını geyinəcəyi istisna edilmir. Lakin 26 yaşlı müdafiəçinin son durumu baş məşqçi Jelko Sopiçin verəcəyi qərardan asılı olacaq.
"Sabah" klubla 2021-ci ilin yayına qədər müqaviləsi olan Cavid İmamverdiyevlə isə yollarını ayıracaq. 30 yaşlı yarımmüdafiəçinin sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam veriləcək. İmamverdiyevin "Keşlə"yə keçəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda "Sabah"da Ramil Şeydayev və Məqsəd İsayevdən başqa müqavilələri başa çatan oyunçuların taleyinə aydınlıq gəlib. Klub Vadim Abdullayev və Kərim Diniyevlə yollarını ayırıb, Xulio Rodriges və Saşa Stamenkoviçlə müqavilə müddəti uzadılıb. (Report)