İtaliya A Seriyasında XXX turun mərkəzi oyunu "Latsio" və "Milan" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Romadakı "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu hücumçu Zlatana İbrahimoviçin ötürməsi ilə 23-cü dəqiqədə vurub. 34-cü dəqiqədə İbrahimoviçin özü penaltini dəqiq yerinə yetirərək, "qırmızı-qaralar"ın üstünlüyünü artırıb. 59-cu dəqiqədə isə "Latsio" oyuna yenidən meydançanın mərkəzindən başlamalı olub. Bu dəfə qonaqların hücumçusu Ante Rebiç fərqlənib.
Bu qələbədən sonra xalını 46-ya çatdıran "Milan" “Napoli”ni qabaqlayaraq 6-cı sıraya yüksəlib. 68 xalla ikinci yerdə gedən "Latsio" isə lider "Yuventus"dan 7 xal geri düşüb.