UEFA Avropa Liqasında ilk finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, İspaniyanın "Sevilya" komandasıdır. Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Mançester Yunayted"i üzərində əzmkar qələbə qazanıb - 2:1.
Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 9-cu dəqiqədə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Brunu Fernandeş dəqiq penalti zərbəsi ilə açıb. Lakin 26-cı dəqiqədə Suso, 78-ci dəqiqədə isə Lük de Yonq fərqlənib. Nəticədə "Sevilya" tarixində 6-cı dəfə finala yüksəlib.
Digər finalçı isə avqustun 17-də Almaniyanın Düsseldorf şəhərində İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında keçiriləcək yarımfinal görüşünün qalibi olacaq.
------------------------
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniya "Sevilya"sı finala vəsiqə uğrunda İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaq.
Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edəcək.
Vacib oyun öncəsi hər iki komandada itkilər var. "Sevilya"da Sebastyan Korşya zədə səbəbindən, Nemanya Qudel isə koronavirusa yoluxduğu üçün matçı buraxacaqlar. "Qırmızı şeytanlar"ın heyətində isə Fil Cons, Lyuk Şou və Aksel Tuanzebe oynamayacaqlar.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında olacaq.
UEFA Avropa Liqası
Yarımfinal
23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qollar: Suso, 26. Lük de Yonq, 78 - Brunu Fernandeş, 9 (pen.)
Baş hakim: Feliks Brix
Almaniya, Köln. "Reyn Energi" stadionu.