"Qarabağ" bu gün avrokuboklarda 2020/2021 mövsümünə start verib.
Sportnet.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandası ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun inamlı qələbəsi ilə başa çatıb - 4:0. Görüşdə hesabı 11-ci dəqiqədə Xayme Romero açıb.
İlk hissənin əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Donald Gerye künc zərbəsi zamanı cərimə meydançasındakı qarışıqlıqdan məharətlə istifadə edərək topu tora göndərib. Komandalar fasiləyə bu hesabla yollanıblar.
İkinci yarıya da sürətli başlayan "Qarabağ" 51-ci dəqiqədə üstünlüyünü 3 topa çatdırıb. Gerye dubl edib. Oyunda son nöqtəni isə Mahir Emreli qoyub. 80-ci dəqiqədə Filip Ozobiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan hücumçu dəqiq zərbə ilə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri avqustun 25-26-da keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.
18 avqust
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
20:00. "Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya) - 4:0
Qollar: Xayme Romero, 11. Donald Gerye, 40; 51. Mahir Emreli, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.