UEFA Çempionlar Liqasında sonuncu finalçının adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, yarımfinalda Fransa "Lion"nunu 3:0 hesabı ilə məğlub edən Almaniyanın "Bavariya" klubu həlledici oyuna vəsiqə qazanıb.
Bundesliqa çempionuna qələbə qazandıran qolları Serj Qnabri və Robert Levandovski vurublar. Almaniyalı yarımmüdafiəçi əvvəlcə 18-ci dəqiqədə uzaq məsafədən qüvvətli zərbə ilə baxımlı qola imza atıb. 25 yaşlı futbolçu 15 dəqiqə sonra dubl edib. Levandovski isə 88-ci dəqiqədə matçda yekun hesabı müəyyənləşdirib.
Beləliklə, "Bavariya" bu nəticədən sonra finalda Fransa PSJ-sinə rəqib olub.
UEFA Çempionlar Liqası
Yarımfinal
23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya) 0:3
Qol: Serj Qnabri, 18, 33, Robert Levandovski, 88
Baş hakim: Antonio Migel Mateu Laos
Portuqaliya, Lissabon. "Eştadiu Joze Alvalade" stadionu
Qeyd edək ki, "Bavariya" və PSJ komandaları arasında həlledici oyun avqustun 23-də keçiriləcək.