"Sabah"ın əsas heyətindən kənarlaşdırılan futbolçular Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev sabahdan əvəzedici komanda ilə məşqlərə başlayacaqlar.
Klubun Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, hər üç oyunçunun ikinci komanda ilə hazırlaşmasında heç bir problem yoxdur.
Azərbaycanın U-21 yığmasının üzvləri olan Seyidovla Qasımovun özləri də "Report"a məlumatı təsdiqləyiblər. Onlar deyiblər ki, klubla müqavilələri var və rəhbərliyin verdiyi qərarlara hörmətlə yanaşırlar: "Biz peşəkar futbolçularıq, əvəzedici heyətə göndərilmişiksə, gedib məşqlərimizi edəcəyik. Çünki qarşıda U-21-in matçları var. Amma istərdik ki, məsələ həll edilsin və əsas komandanın hazırlıq prosesinə qoşulaq".
Qeyd edək ki, "Sabah" rəhbərliyi 3 illik yeni müqavilə təklifini qəbul etmədikləri üçün sözügedən oyunçuları əsas komandadan kənarlaşdırıb.