Rusiya Futbol İttifaqının (RFS) İntizam Komitəsi "Spartak" komandasının baş məşqçisi Domeniko Tedesko 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Sportnet.az-ın məlumatına görə, buna Premyer Liqada XVIII turun "Soçi" ilə səfər matçından sonra baş verənlər səbəb olub. 35 yaşlı mütəxəssis paltardəyişmə otağına gedən yolda "Soçi"nin futbolçularından birinin onun köməkçisini vurduğunu söyləyib. O, rəqib komandanın qapıçılar üzrə məşqçisi Dmitri Boridin tərəfindən təhqir olunduğunu da diqqətə çatdırıb. Tedeskonun özü isə "Soçi"nin qapıçısı Soslan Canayevlə münaqişəyə girdiyini bildirib. Görüş "Spartak"ın məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Qeyd edək ki, Domeniko Tedesko ötən mövsüm "Lokomotiv"lə 1:1 hesablı heç-heçə etdikləri XXVII tur matçında baş hakimlə mübahisəyə girdiyi üçün 3 oyunluq cəzalandırılıb. O, sarı vərəqə cəzalısı kimi də bir neçə oyunu buraxıb.
Tedesko 2019-cu ilin oktyabrında "Spartak"a baş məşqçi təyin olunub. Onun müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. "Soçi" ilə qarşılaşmanın ardından gənc mütəxəssis klubla müqaviləsini uzatmaq niyyətində olmadığını söyləyib.