"Keşlə"nin futbolçusu Rail Məlikov Ruslan Əmircanovla birgə əvəzedici komandada çıxış etməsi barədə fikirlərini bölüşüb.
Təcrübəli müdafiəçi Sportnet.az-a açıqlamasında "Keşlə-2"yə baş məşqçi Sənan Qurbanovun təklifi ilə can-başla kömək etdiklərini bildirib. Məlikovun sözlərinə görə, burada qeyri-adi bir şey yoxdur: "Bizə oyun praktikası da lazım idi. "Keşlə-2"yə kömək etik və nəticədə "Turan Tovuz" üzərində qələbə qazandıq".
36 yaşlı oyunçu əsas komanda ilə məşq etməsinə rəğmən, gənclərə də dəstək olmalarının vacibliyini dilə gətirib: "Burada heç bir problem yoxdur. Bizim üçün əsas və ikinci komandanın fərqi yoxdur. Gənclərə dəstək olmalıyıq ki, artırsınlar".
Qeyd edək ki, XX turun görüşündə "Keşlə-2" "Turan Tovuz"u 1:0 hesabı ilə yenib. Bu qələbədən sonra paytaxt təmsilçisi 19 oyundan 18 xalla 7-ci, Tovuz komandası isə 20 matçdan 40 xalla 3-cü pillədə yer alıb.