
Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olub.
Alanyadakı Oba stadionunda oynanılan matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı Azərbaycan yığması açıb. 28-ci dəqiqədə Emin Mahmudov komandasını önə keçirib. 34-cü dəqiqədə Halil Dervişoğlu bərabərlik qolunu vurub. 44-cü dəqiqədə isə Kaan Ayhan fərqlənib.
Qarşılaşma "Sumqayıt"ın futbolçusu Murad Xaçayev və "Qarabağ" klubundan Toral Bayramov üçün əlamətdar olub. Hər iki oyunçu ikinci hissədə meydana çıxmaqla yığmada debüt edib.
Azərbaycan millisi iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.
Qeyd edək ki, Türkiyə yığması AVRO-2020-dəki iki oyununu Bakıda keçirəcək. Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
---------------------------------------------------
Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olacaq. Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Kosovodan olan hakimlər briqadası idarə edəcək.
Bu, iki komanda arasında sayca 8-ci duel olacaq. İndiyədək baş tutmuş 7 görüşün 4-ü rəsmi, 3-ü yoldaşlıq oyununa təsadüf edib. Bu matçların 5-də "ay-ulduzlular", 1-də Azərbaycan millisi qalib gəlib, 1 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2.
Azərbaycan yığması Türkiyə üzərində yeganə qələbəsini 2010-cu ildə Avropa çempionatının seçmə mərhələ oyununda qazanıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda yeganə qolu Rəşad Sadıqov vurub.
Oyun öncəsi komandaların heyətində itki yoxdur.
Yoldaşlıq oyunu
21:00. Türkiyə - Azərbaycan - 2:1
Qollar: Halil Dervişoğlu, 34. Kaan Ayhan, 44 - Emin Mahmudov, 28
Hakimlər: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay, Visar Kastrati (Kosovo)
Alanya, Oba stadionu.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.