"Məşqlərimiz 1 həftədən çoxdur başlayıb. Hazırlığımız gərgin və maraqlı keçir. Hər birimiz məşqlərə həvəs və məsuliyyətlə yanaşırıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimli klubun rəsmi saytına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
23 yaşlı yarımmüdafiəçi yeni mövsümə istəkli hazırlaşdıqlarını bildirib: "Uzun müddətdir oyunlara çıxmırıq. Yoxlama görüşlərində fiziki vəziyyətimizi düzəltməyə çalışacağıq. Yeni mövsüm Premyer Liqada çempion olmaq üçün mübarizə aparacağıq".
İbrahimli ilk dəfə çıxış edəcəkləri konfrans Liqasından da söz açıb: "Artıq rəqibimiz məlumdur. İlk dəfə təşkil ediləcək turnir bizim üçün də maraqlıdır. Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik".
Qeyd edək ki, Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın rəqibi İsrailin "Aşdod" komandasıdır. Ağdam təmsilçisi ilk oyununu iyulun 22-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.