Danimarka və Çexiya azarkeşləri Bakıda iki ölkə yığmaları arasında keçiriləcək Avropa çempionatının 1/4 final oyununa xüsusi təyyarələrlə gələcəklər.
Sportnet.az-ın məlumatına görə, çexiyalı tərəfdarlardan biri Azərbaycan paytaxtına "fanat təyyarəsi" təşkil etmək qərarına gəlib.
Səfər üçün ilkin qiymət kimi 13 500 (təxminən 1070 manat), son qiymət 16 220 çexiya kronu (təxminən 1 286 manat) müəyyənləşdirib. 150 azarkeşin iyulun 2-də günortadan sonra gələcəyi gözlənilir.
Danimarkanın "Landsholdsrejser" şirkəti isə ölkədən Bakıya 220 nəfəri gətirmək üçün təyyarə icarəyə götürüb. Bundan baqşa "Travel Sense" Azərbaycan paytaxtına uçuşlar təşkil edir.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq. Matç üçün ən ucuz bilet 60 manat, ən bahalısı isə 250 manatdır.