Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, finala vəsiqə uğrunda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutan matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edib.
Oyunun ilk hissəsində qapılara top vurulmayıb. Hesabı 60-cı dəqiqədə italiyalılar açıblar. "Skuadra Adzurra"nın heyətində Federiko Kyeza fərqlənib. 80-ci dəqiqədə İspaniya millisinin hücumçusu Alvaro Morata tarazlığı bərpa edib. Görüşün əsas vaxtı heç-heçə ilə bitdiyindən əlavə 30 dəqiqə oynanılıb. Hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan Roberto Mançinin baş məşqçi olduğu kollektiv adını finala yazdırıb.
Qeyd edək ki, İtaliya millisinin finaldakı rəqibi İngiltərə və Danimarka arasında keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.
---------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, bu raundun hər iki görüşü İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.
İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Əvvəlcə turnirin əsas favoritlərindən ikisi - İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı 60 mindən çox azarkeşin stadionda canlı izləyəcəyi gözlənilir.
Avropa çempionatı
Yarımfinal
23:00. İtaliya - İspaniya - 1:1 (PENALTİLƏR SERİYASINDA - 4:2)
Qollar: Federiko Kyeza, 60 - Alvaro Morata, 80
Baş hakim: Feliks Brix (Almaniya)
London, "Uembli" stadionu
Qeyd edək ki, yarımfinalın digər görüşündə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq. Bu oyun iyulun 7-də gerçəkləşəcək.