“Azərbaycan futbolunda Gəncənin xüsusi yeri var. Bu mənada “Kəpəz” futbolumuzun göz bəbəyi, ad qoymuş bir klubdur".
Sportnet.az-ın məlumatına görə, bunu “Kəpəz”in yeni transferi Cavid İmamverdiyev klubun mətbuat xidmətinə açıqlamasında deyib. Yarımmüdafiəçi komandaya uğur qazanmaq üçün gəldiyini bildirib: “Sarı-göylər”in aşağı dəstədə oynaması qəbuledilməzdir. “Kəpəz” elitada çıxış etməlidir. Bunun reallaşması üçün çalışacağıq, elə ona görə də burdayıq. Komandanı əvvəlki vaxtlarına qaytarmalıyıq. Əlimizdən nə gəlirsə, onun artığını edib kollektivin ənənəsini bərpa edəcəyik".
İmamverdiyev bildirib ki, Gəncə klubuna keçməklə geri addım atmayıb: "Əksinə, karyeramda yeni səhifə başlayır. İnanıram ki, burada növbəti uğurumu qazanacağam. “Kəpəz”də böyük futbolçular oynayıb. Mən də bura vaxt keçirməyə gəlməmişəm. Adımı komandanın tarixinə yazdırmaq istəyirəm. Çoxsaylı azarkeşlərimizin də dəstəyi ilə məqsədimizə çatacağıq. Mənə inanan, etimad göstərən klub rəhbərliyinə, baş məşqçimiz Yaşar Vahabzadəyə minnətdaram”.