Ukraynanın "Çernomorets" klubu "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuku komandanın sükanı arxasına gətirmək istəyir.
Sportnet.az "Sport.ua" nəşrinə istinadən xəbər verir ki, Odessa təmsilçisi hələlik 56 yaşlı mütəxəssislə razılığa gələ bilmir.
Hazırda komandanın baş məşqçisi Yuri Morozdur. Məşqçilər korpusunun dəyişdirilməsindəki ləngimə klubun yeni sahiblərinin potensial baş məşqçi ilə maliyyə şərtlərini razılaşdıra bilməməsi ilə bağlıdır. Bu səbəbdən, "dənizçilər" mövsümün yaz bölümünə hazırlıq planlarını indiyədək müəyyənləşdirməyiblər.
Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub. Əyalət təmsilçisi onun rəhbərliyi altında 2015/2016 və 2016/2017 mövsümlərində UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Hazırda ukraynalı mütəxəssisin "Neftçi"nin maraq dairəsində olduğu bildirilir. Təcrübəli baş məşqçi daha əvvəl - 2010 - 2014-cü illərdə Odessa komandasına rəhbərlik edib.
Qeyd edək ki, "Çernomorets" Ukrayna Premyer Liqasında 18 turdan sonra 14 xalla 13-cü pillədə qərarlaşıb.