"Bu oyunda istədiklərimin hamısını görə bilməzdim. Demək olar ki, həm fiziki, həm taktiki, həm də texniki cəhətdən komanda hələ tam hazır deyil".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Rumıniya "Qaz Metan"ı ilə qolsuz heç-heçə etdikləri yoxlama matçından sonra klub televiziyasına açıqlamasında deyib.
50 yaşlı mütəxəssis ilin ilk qarşılaşmasına ehtiyatlı çıxdıqlarını etiraf edib: Düzü, bir az ehtiyatlanırdım. Bəzi oyunçuların hazırlıqlarında xeyli fərq var idi. Ona görə Rüstəm Əhmədzadə ikinci hissə 20-22 dəqiqə oynadı. İlk hissədə bəzi futbolçuları fikirləşirdim ki, ehtiyatlı oynasınlar. Ancaq hər bir halda ümumi oyunda çatışmayan çox şey var idi. Həm dinamika, həm sürət çox, həm də mövqe oyununda..."
O bildirib ki, bu oyun daha çox yükləmə xarakteri daşıyıb: "Çünki yanvarda ilk oyunumuz idi. Hər bir halda futbolçuların düşünmələri məni razı saldı. Düzgününü etmək istəyirdilər, amma bəzi səhvlər olurdu. Demək olar ki, oyundan razı qaldım. Bəzi qərarlarda gecikmələr var idi. Həm hücum, həm də müdafiə xəttində səhvlərimiz oldu. Əlbəttə, bunları başa düşürük. Növbəti oyuna kimi bir həftə vaxtımız olacaq. Həmin matça qədər komanda özünü yaxşı tərəfdən göstərməyə məcbur etməlidir və biz bunu yoluna qoyacağıq".