Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşma paytaxt klubunun 85 illik yubileyinə təsadüf etdiyindən, rəmzi olaraq saat 19:37-də start götürüb. Matçdan öncə stadionda üzərində "Neftçi"nin sabiq və hazırkı kapitanları - Anatoli Banişevski ilə Emin Mahmudovun fotoları və "Biz tarixin özüyük" yazılmış nəhəng banner açılıb.
Bundan başqa, "ağ-qaralar" əyalət təmsilçisi ilə matçda meydana klassik forma ilə çıxıb. Qarşılaşmanın start fitindən öncə qonaq komanda qonaq rəqibinə xüsusi hədiyyə təqdim edib. "Qəbələ"nin baş məşqçisi, vaxtilə "Neftçi"də çıxış etmiş Elmar Baxşıyevin geyindiyi 8 nömrəli "Neftçi" forması E.Mahmudova verilib.
Oyunda topa ilk toxunuşu komandanın veteran futbolçusu Çingiz İsmayılov edib. O, topu klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanova ötürüb. Daha sonra isə top "Neftçi" akademiyasının gənc üzvünə göndərilib.
Qarşılaşmada hesabı Eddi İsrafilov açıb. Azərbaycan millisinin üzvü 7-ci dəqiqədə fərqlənib. 10 dəqiqə sonra Mamadu Mbodj fərqi 2 topa çatdırıb. 81-ci dəqiqədən Gilyerme Pato qonaqları növbəti dəfə məyus edib. Görüşdə son nöqtəni isə 90+5-ci dəqiqədə Eddi İsrafilov qoyub.
Bu qələbədən sonra xallarını 37-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. 33 xalı olan "Qəbələ" isə 4-cü sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk oyununda "Keşlə" evdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri ilə yekun vurulacaq.
------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Keşlə" "Sumqayıt"ı qəbul edib. "ASK Arena"dakı görüşdə qalib müəyyənləşməyib.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 45-ci dəqiqədə Amil Yunanov fərqlənib. Matçda ikinci qolu da paytaxt təmsilçisi vurub. Franko Flores 57-ci dəqiqədə avtoqol müəllifi olub. Beləliklə, "gənclik şəhəri" təmsilçisi Aleksey Baqanın rəhbərliyi altında yenə qələbəyə həsrət qalıb.
Bu nəticədən sonra xallarını 19-a çatıdran "Keşlə" 6-cı pillədəki mövqeyini qoruyub. 14 xalı olan "Sumqayıt" isə 7-ci sırada qərarlaşıb.
Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Qəbələ" ilə qarşılaşacaq.
Qeyd edək ki, tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçında "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Paytaxt klubu 18 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi 13 xalla 7-ci pillədə qərarlaşıb. Tərəflər indiyədək ölkə çempionatlarında 37 dəfə üz-üzə gəliblər. Bunların 17-də meydan sahibləri, 10-da qonaq qələbə qazanıb, 10 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də "Keşlə"nin üstünlüyü var - 54:38. Komandların Premyer Liqadakı son 7 oyununda meydan sahibi olan tərəf qalib gəlməyib. “Keşlə” son üç ev matçında rəqibinə qol vura bilməyib.
Günün ikinci matçında son çempion "Neftçi" "Qəbələ"ni sınağa çəkəcək. "Ağ-qaralar" 34 xalla üçüncü, "qırmızı-qaralar" 33 xalla dördüncü sıradadır. Görüş komandaların çempionatdakı 54-cü dueli olacaq. Əvvəlki 53 oyunun 24-də paytaxt təmsilçisi, 16-da bölgə klubu meydanı 3 xalla tərk edib. Topların nisbəti də "Neftçi"nin xeyrinədir - 78:65. Premyer Liqadakı son 11 oyundur rəqibinə uduzmayan "Neftçi", ardıcıl 18 qarşılaşmada meydanı qolsuz tərk etməyib. Son 3 görüşdə isə heç-heçə qeydə alınıb. Qarşılaşma flaqmanın 85 illik yubileyinə təsadüf edir. Bu səbəbdən matçın başlama saatı rəmzi olaraq 19:37-yə təyin olunub.
Azərbaycan Premyer Liqası, XX tur
18 mart (cümə)
17:00. “Keşlə” – “Sumqayıt” - 1:1
Qollar: Amil Yunanov, 45 - Franko Flores, 57
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”
19:37. “Neftçi” – “Qəbələ” - 4:0
Qollar: Eddi İsrafilov, 7; 90+5. Mamadu Mbodj, 17. Gilyerme Pato, 81
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”
Qeyd edək ki, tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.