UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, turnirin final oyununda Şotlandiya "Reyncers"ini məğlub edən Almaniya "Ayntraxt"ı titula sahib çıxıb.
İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub. Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin "Reyncers"in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" Avropa Liqasının qalibi olub.
11 metrlik cərimə zərbələri zamanı Almaniya təmsilçisindən Kristofer Lents, Aydin Xrustiç, Dayçi Kamada, Filip Kostiç və Rafael Borre, Şotlandiya klubundan isə Ceyms Tavernye, Stiven Devis, Skott Arfild və Kemar Ruf hədəfdən yayınmayıblar. Yeganə qeyri-dəqiq penaltinin müəllifi Aaron Remsi olub.
---------------------------------------------------
Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
İki komanda ilk dəfə avrokubokların finalında qarşılaşacaq. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan "Ayntraxt" ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya "Real Madrid"inə uduzmuşdu.
Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb.
Beynəlxalq arenada 6-cı dəfə finala çıxan "Reyncers" isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxıb. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/1972 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın "Dinamo" (Moskva) klubunu məğlub edib.
UEFA Avropa Liqası
Final
18 may
23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (ƏLAVƏ VAXTDA - 0:0, PENALTİLƏRLƏ - 5:4)
Qollar: Rafael Borre, 69 - Co Aribo, 57
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.
Qeyd edək ki, Avropa Liqasının son qalibi İspaniya "Vilyarreal"ı olub.