
"Futbolçularımı təbrik edirəm. Təkcə çempionluğa deyil, həm də oyunlarına görə. Necə başladıqsa, elə də bitirdik. Mövsüm ərzində sabit qalmaq önəmli idi. Futbolçularım istəkli idilər. Buna görə onlara təşəkkür düşür. Səbirsizliklə medalları gözləyirlər".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib.
50 yaşlı mütəxəssis hər uğurun onun üçün özəl olduğunu bildirib: "Uğur qazanmaq asan, onu qoruyub-saxlamaq isə çətindir. Bütün diqqətimiz növbəti mövsümə yönəlməlidir".
Qurbanovun sözlərinə görə, kolumbiyalı müdafiəçi Kevin Medinanın Türkiyədən təklifləri var idi: "Onunla maraqlanırdılar. Amma bizimlə müqaviləni uzatdı. Özünün də burada qalmaq istəyi həddən artıq çoxdur. “Qarabağ” kollektivini və Bakını sevir. Elə bir problem görmürəm".
Baş məşqçi ilk çempionluğunun daha yaddaqalan olduğunu söyləyib: "Məşqçi və futbolçu kimi də ilklər həmişə daha çox yaddaqalan olur. Mənim üçün bütün çempionluq dəyərlidir. Bu adı qoruyub saxlamaq çox vacibdir. Belədə qarşıdakı mövsüm daha önəmli olur".