Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.
109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.
Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.
---------------------------------------
Qətərdə keçirilən dünya çempionatı bu gün final oyunu ilə başa çatacaq.
Sportnet.az-ın məlumatına görə, DÇ-2022-nin həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.
“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.
Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.
DÇ-2022
Final
18 dekabr
19:00. Argentina - Fransa - 3:3 (PENALTİLƏRLƏ - 4:2)
Qollar: Lionel Messi, 23 (pen.); 109. Anxel Di Mariya, 36 - Kilian Mbappe, 80 (penalti); 82; 118
Baş hakim: Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu