"İli qalibiyyətlə başa vurmaq istəyirdik. Dramatik oyun alındı. Hər iki komanda uduzmaq istəmirdi. Bu oyunda futbola aid hər şeyi gördük. 100 faizli qol epizodlarımız var idi. Komandama mübarizə üçün təşəkkür edirəm. Baxımlı oyun oynadıq".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, futbolun yazılmayan qanunları var: "Bunu qəbul etməliyik. Komandamız azlıqda qalan rəqibə qarşı konsentrasiyanı itirir. Arxayınlıq yaranır. Son 12 oyunda irəliləyiş əldə etdik. Kollektiv oyuna daha çox üstünlük verdik. Bəhrəsini gördük. Son dəqiqədə buraxılan qolda ani hisslər keçirdim. Əvvəllər çox həyəcan keçirirdim, çox aqressiv olurdum. Amma sonradan yanaşmamı dəyişdim. Can mənim canımdır. Bir neçə komandada nəticə verdim, amma sonradan yola salındım. Ani hiss gəldi ki, biz qalib gəlməliydik. Amma qismət belə imiş. Təbii qarşılamaq lazımdır. Çox istəyirdim ki, komandam qalib gəlsin. Sayılmayan qolda keçirdiyim təəssüf hissi buraxdığımız qolda daha çox idi. Amma irəliyə baxmaq lazımdır. "Kəpəz"in adını qaytarmalıyıq, başqa yolumuz yoxdur".
Gedəcək futboçuların siyahısının hazır olduğunu deyən baş məşqçi yeni transferlər olacağını da bildirib: "Hamısının adını mətbuat xidməti açıqlayacaq. Yeddi nəfərlik siyahıdır. Yolları açıq olsun. Hamısına uğurlar. İşim komanda qurmaqdır. Bir neçə yerli oyunçu ilə danışıqlar gedir. Ayın 7-dən bizə qoşula bilərlər. İşlərimiz davam edir. Bir aydan çoxdur yerli, cavanları komandaya cəlb etmək istəyirik. Bir neçə əcnəbi var ki, hücumu onlarla gücləndirmək niyyətindəyik".
Gəncləşdirmə siyasəti apardıqlarını söyləyən baş məşqçi Tural Axundovun mövqeui üçün bir neçə oyunçunu sınaqdan keçirdiklərini vurğulayıb: "Amma o demək deyil ki, Turalı göndərəcəyik. Komanda üçün ürəyi yanan, arxasınca aparacaq lider futbolçu lazımdır. Onun meydanda olub-olmaması şərt deyil. Hər komandada oynayan məşqçilər olub. Onlar komandanın toparlanmasında böyük önəm kəsb edir. Həmin mövqeyə futbolçu axtarırıq ki, rəqabət olsun. Turalla rəqabət aparacaq ikinci oyunçumuz yoxdur. 2005-ci il təvəllüdlü gəncəli futbolçumuz var. Turalın komandada olması, kollektivin yığılmasında önəmi var. Çalışırıq ki, bir yaşlı komandada olsun".
Əhmədov onu da əlavə edib ki, heyət gücləndirilməsə, uğur qazanmaq çətin olacaq: "Təşkilatı məsələlərə qarışmıram, rəhbərliyə aiddir. Komandaya gələndə bir neçə mövqeyə yeni oyunçu lazım olduğunu demişdim. Sabah İlqar Nadiri ilə görüşəcəyik. Biz də başa düşürük ki, göndərmək istədiklərimizdən getmək istəməyən ola bilər. Rəhbərliklə bir olub komandanı gücləndirməliyik. Deyim ki, bu heyətlə uğur qazanacağıq, çətin məsələdir. Yeni nəfəs, yeni futbolçular lazımdır".