
HİK-in (Finlandiya) baş məşqçisi Toni Korkeakunnas Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri matç haqqında danışıb.
Sportnet.az xəbər verir ki, 55 yaşlı mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:
"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa çempionu "Rakov"u oyun baxımından hər iki matçda üstələdi. Rəqib bəzən xaotik oynayır. Amma buna baxmayaraq, futbolçuların anlaşması yaxşı səviyyədədir. Bizi səfərdə çətin oyun gözləyir".
Həmçinin o bildirib ki, Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin zədə səbəbindən matçı buraxacaq.
Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - HİK oyunu saat 20:00-da başlayacaq.