"Qəbələ" və "Qarabağ" komandaları arasındakı Misli Premyer Liqasının VII tur matçı zamanı qalmaqal baş verib.
Sportnet.az xəbər verir ki, 38-ci dəqiqədə meydan sahiblərinin futbolçusu top uğrunda mübarizə zamanı rəqib müdafiəçi Kevin Medinanı vuraraq, onu təxribata çəkib.
Kolumbiyalı oyunçu isə ona sərt formada cavab verib. Hadisə yerinə hər iki komandanın digər futbolçuları və məşqçilər heyəti özlərini çatdırıb.
Ara sakitləşdikdən sonra baş hakim Elçin Məsiyev hər iki oyunçuya və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova sarı, "Qəbələ"nin məşqçisi Rasim Ramaldanova qırmızı vərəqə göstərib.
Az sonra VAR sisteminə müraciət edən Məsiyev Medinanın sarı vərəqəsini ləğv edib və "qırmızı" ilə əvəzləyib.
Qeyd edək ki, ilk yarıdan sonra "Qarabağ" öndədir - 2:0.