Deyirlər, qalibi mühakimə etməzlər. Xüsusən, bu qələbə gözəl oyunla qazanılıbsa...
Azərbaycan millisinin Estoniya üzərində Tallin zəfəri də möhtəşəm alındı. Elə ilk yarıdaca gələn qollarla 2:0 hesablı qələbəyə sevindik. Bununla da uzun illərdən sonra Avropa çempionatının seçmə mərhələsində qalibiyyətin dadını xatırladıq.
Lakin bir məqam da var ki, onun üzərindən keçməmək olmur. Bu, ikinci qolun vurulduğu penalti ilə əlaqədardır. Əcəba, niyə penaltini millimizin bombardiri Emin Mahmudov yox, Ramil Şeydayev vurdu. Bu sualın aktuallıq səbəbi var. Axı Mahmudov vursaydı, yığmanın hazırkı bombardiri Qurban Qurbanova daha da yaxınlaşacaqdı.
Məlumat üçün deyək ki, hazırda Qurbanovun 14, Mahmudovun 11 qolu var. Özü də Emin ştatlı penalti ustalarındandır. Şeydayevin isə ona çatmasına hələ çox var.
Digər tərəfdən, axı qolu Ramil qazanmayıb ki, özü də yerinə yetirsin.
Penaltinin Mahmudova yox, Şeydayevə həvalə olunma səbəbini daha dəqiqliklə baş məşqçi Canni De Byazi izah edə bilərdi. Amma oyundan sonra ona bu barədə sual verilməyib.
Təbii ki, əsas qoldur, onu da Ramil dəqiqliklə vurub. Lakin hərdən belə məqamlar da diqqətə alınmalıdır. Hər halda Emin Mahmudovun Qurban Qurbanovu tezliklə keçməsinə qarşı çıxan çox az adam olar. Axı millidə 14 qol nə böyük göstəricisidir ki, onu da geridə qoymaq üçün on illiklərlə gözləyəsən?!
ELŞƏN MƏMMƏDOV