
“Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində növbəti matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu Norveçdə “Molde”nin qonağı olub.
“Molde” stadionunda keçirilmiş görüş heç-heçə ilə yekunlaşıb - 2:2. Belçikadan olan hakimlər briqadasının idarə etdiyi görüşdə hesabı 12-ci dəqiqədə Ağdam komandasının futbolçusu Juninyo açıb. "Qarabağ" bu hesabı sonadək qoruya bilməyib.
Görüşün 77-ci dəqiqəsində Kevin Medina zədələndiyi üçün yerini Bədavi Hüseynova verib. Yassin Benzianı isə Toral Bayramov əvəzləyib. Azərbaycan millisinin futbolçularının meydana daxil olması "Molde"nin hücumlarının qarşısını almayıb. Əksinə, meydan sahibləri məhz müdafiədə boşluqlardan 82 və 88-ci dəqiqələrdə Kristian Eriksenin qolları ilə hesabda önə keçiblər. Yalnız 6-cı uzatma dəqiqəsində Bəhlül Mustafazadə hücumu qolla tamamlayaraq, "Qarabağ"a vacib xal qazandırıb.
Qrupun digər matçında “Hakken” İsveçdə Almaniya “Bayer”inə uduzub - 0:2.
Bu nəticələrdən sonra "Bayer" 15 xalla liderliyini davam etdirir. "Qarabağ" və "Molde" hərəyə 7 xalla 2-3-cü yerləri bölüşür. Xalsız "Hakken" isə sonuncudur. Avropa Liqasının 1/16 finalına "Bayer"dən sonra qrupdan ikinci vəsiqənin taleyinə axırıncı turda aydınlıq gələcək. Dekabrın 14-də "Qarabağ" "Hakken"i qəbul edəcəksə, "Molde" "Bayer"in qonağı olacaq.
Avropa Liqası
H qrupu
30 noyabr
00:00. “Molde” - “Qarabağ” 2:2
Qol: Kristian Eriksen, 82, 88 - Juninyo, 12. Bəhlul Mustafazadə, 90+6
Baş hakim: Erik Lambrexts (Belçika).
“Molde” stadionu.