Ötən gecə "Ankaragücü" - "Rizespor" matçından (1:1) sonra ev sahibi klubun prezidenti Faruk Kocanın hücumuna məruz qalan hakim Halil Umut Meler məsələ ilə əlaqədar ilk ifadəsini verib.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, referi hadisə zamanı Faruk Kocanın ona dediklərindən danışıb.
“Faruk Koca bütün hakim dostlarımı da nəzərdə tutaraq mənə qışqırdı: “Sizi məhv edəcəyəm!” Sonra yenidən mənə tərəf dönüb dedi: “Səni öldürəcəyəm”. Mən Koca və başqalarından şikayət edirəm. Mən güzəştə getməyəcəyəm”.
Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. F.Koca ilə yanaşı, hakimi vuran 2 şəxs də həbs olunub.