
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.
B qrupunda baş tutan matçda Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. 9-cu dəqiqədə Əli Bəşirov hesabı açıb. Bu qoldan 4 dəqiqə sonra "Qarabağ"ın qapıçısı Bilal Hacıyev penaltini dəf edərək rəqibin tarazlığı bərpa etməsinə imkan verməyib. Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi ilə "köhlən atlar"ın üstünlüyü iki topa çatıb.
Qeyd edək ki, "Qarabağ" qrupdakı digər iki matçını sabah keçirəcək. Azərbaycan təmsilçisi öncə “Olimpik”lə, ardınca BATE ilə qarşılaşacaq.