"Gərgin matç idi. Bu il qələbə qazanmamışdıq. Futbolçularda psixoloji təzyiq var idi. Bu vəziyyətdən çıxmaq lazım idi. İlk hissədə havaya görə oynaya bilmirdik. Futbolçular qaça bilmirdilər. Əvəzetmələrimiz uğurlu oldu, bəhrəsini verdi. Bizim üçün çox vacib qələbə idi".
Sportnet.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 22-ci turunun "Kəpəz"lə oyunundan (4:1) sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Dəyişiklikləri hansı zərurətdən etdiniz?
- Zədəlilərdən və yeni gələnlərdən sonra stabil heyəti qura bilmirik. Yeni oyunçuların üçü də yaxşıdır. Amma onlara zaman lazımdır. Qərara aldım ki, bu futbolçular oyunu gücləndirə bilərlər. Uğurlu əvəzetmələr oldu.
- Yadin Luqasiyə son zamanlar az şans verirsiniz. Bunun səbəbi nədir?
- Müdafiə planında bir az axsayır. Bu gün Najaf Anasın olmaması oyunumuza çox təsir etdi. O, meydanda “qara iş”ləri görəndir. Luqasi də gənc oyunçudur. Öz şansını gözləyir.
- 2024-cü ildə ilk qələbənizi qazandınız. Başınızın üzərindəki "qara bulud”ların dağıldığını düşünmək olar?
- Bu gün hava yaxşı idi. Artıq orta sıralarda möhkəmlənmişik. 3 illik layihəmiz var. Hər il daha da irəli getməyi hədəfləyirik. “Qara bulud”ların olacağını düşünmürəm.
- Dediniz ki, 3 illik plan var. Sizinlə yeni müqavilə barədə danışıq olub?
- Müqavilə mənim üçün heç bir önəm kəsb etmir. İstəyim yaxşı komanda qurmaqdır. Alınmasa, müqaviləm 5 il olsa da, çıxıb gedərəm. Rəhbərliklə mütəmadi görüşürük. Planlarımızı, çatışmayan nüansları deyirik.
- Üç illik layihəyə nələr daxildir?
- Akademiyanın köçürülməsi, stadionumuzun ot örtyünün dəyişdirilməsi planları var. Şəhərdən kənarda iki təbii örtüklü meydança salınacaq. Əhmədlidə akademiyamız üçün bina tikilib.
- Legioner limitinin dəyişdirilməsi müzakirə olunur. Bu mövzu ilə bağlı sizin fikriniz necədir?
- Klubların sayı artarsa, razıyam. Amma bu gün Azərbaycan futbolunu düşünməliyik. Milli komanda necə olacaq? İndiki halda hazırkı limitin qalmasının tərəfdarıyam.