
Azərbaycan Premyer Liqasının XXIX turunun "Qarabağ" - "Səbail" oyunundan (4:2) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırdı.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Çox danışmaq istəmirəm, hər şey ortadadır. "Qarabağ" Azərbaycan Premyer Liqası klublarından bir baş üstündür. Onların adı bir az ağırdır, uşaqlar çəkinirdilər. Topa nəzarət etməkdə çətinlik yaşadıq. Taktiki yox, fərdi olaraq uşaqlar geri qaldı. "Qarabağ"a iki qol vurmaq da böyük şeydir. Düzdür, bizə nəsə vermir, amma inam yaradır. Deməli, hər komandaya qol vurmaq olar. Bu gün sistemimiz də dəyişmişdi, fasilədən sonra beş müdafiəçi ilə oynadıq. "Qarabağ"ı təbrik edirəm. Oyunumuza köklənməliyik. Şansımız var və bunun üçün mübarizə aparacağıq. Yuxarı pillələrə layiq komandayıq.
- "Kəpəz"in baş məşqçisi Adil Şükürov demişdi ki, "Qarabağ"ı rəqiblər qoruyur..
- Hamının fikrinə hörmətlə yanaşırıq. Amma bu fikirlə meydana çıxmamışdıq. Gördünüz, aqressiv oyun oldu. "Qarabağ"ın futbolçuları topla nə etmək lazım olduğunu yaxşı bilir, hər mövqedə əla oyunçuları var. Bir-iki futbolçunu bağlamaqla nəsə etmək olmur. "Qarabağ" kimi komanda ilə bütün oyunçuları bağlayaraq oynamalısan. Hər komanda meydana xal üçün çıxır. "Qarabağ"la da daha yaxşı oynamaq olardı. Amma onların gücünü etiraf etmək lazımdır. Digər 9 klubdan ikibaş üstündürlər.
- Oyunun qırılma anı hansı idi?
- Penalti epizodu. Demək olar, heç futbolçuya müdaxilə yox idi. 2:1-də saxlayıb, dəyişiklik etdik. İrəlidə hücumçuların da sayını artırdıq. Bundan sonra imkanlar da yarada bildik. Qırılma nöqtəsi 2:1-dən sonra oldu.
- Ötən tur "Turan Tovuz"la heç-heçə etdiz. Düşünmürsünüz ki, həmin matçda qələbə vacib idi?
- Bütün oyunlarda qələbə qazanmaq lazımdır. Hər komandaya hörmət edirəm. Ötən turda qazandığımız bir xal da bizimçün önəmlidir. Onun əhəmiyyətini mövsümün sonunda görəcəyik. Qarşıda oyunlarımız var. Belə davam etsək, xallar qazana bilərik.
- AFFA-nın yeni rəhbərliyi haqda düşüncələriniz nədir?
- Nikbinəm. Lakin onları böyük işlər gözləyir. Kompelks işlər görmək lazımdır. Stadion, uşaq futbolu, akademiyalar və s. hər birini düzəltmək lazımdır. İstiqamət düzgün olsa, zamana da ehtiyac var və yekunda nəticə görə bilərik. Hər şeyin yaxşısına inanıram. Yeni rəhbərliyə uğurlar arzu edirəm. "Qarabağ"ın gördüyü işlər göstərir ki, nəsə etmək olar. (Futbolpress)