
"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias Rumıniyanın ÇFR klubuna qayıtmaq ehtimalından danışıb.
Sportnet.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında bu barədə məlumatsız olduğunu bildirib:
"Son xəbərləri oxumuşam, amma ÇFR-ə qayıtmağımla bağlı heç nə bilmirəm. Hamının bildiyi kimi, futbolda hər şey mümkündür. Bilirəm ki, mənə təkcə Kluj klubunda deyil, bütövlükdə Rumıniyada qiymət verirlər. Odur ki, fürsət düşsə, təbii ki, ora qayıdardım. Təəssüf ki, hazırda ÇFR-in işi yaxşı getmir. Ümid edirəm ki, komanda yenidən güclü olacaq".
"Neftçi"dən də söz açan "sambaçı" Bakı klubunda özünü yaxşı hiss etdiyini söyləyib: "Demək olar ki, hər matçda imkanım olanda oynayıram. Bu mövsüm “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur, ona görə də ikinci yeri hədəfləyirik. Biz buna çalışırıq".
Xatırladaq ki, Yuri Matias "Neftçi"yə ötən yay ÇFR-dən keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.