Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının boks yarışlarında 52 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək 2015-ci ilin dünya çempionu, Avropa Oyunlarının qalibi Elvin Məmişzadənin Sportnet.az-a müsahibəsi.
- Artıq olimpiadaya az qalıb. Son hazırlıq mərhələsindəsiniz. Proses necə keçir?
- ABŞ-dan yeni gəlmişik. Orada təlim-məşq toplanışımız oldu. Hazırlıq prosesi çox yüksək səviyyədə keçdi. Dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşən yerdə məşq keçdik. Bu da Rionun iqlimi ilə uyğun olduğu üçün bizim üçün əlavə üstünlükdür. Komanda yoldaşlarımız Dünya Təsnifat Turnirində çıxış edəcəklər. Onların çıxışlarının bitməsini gözləyirik. Ondan sonra biz yenə ABŞ-a gedəcəyik. Bir neçə gün orda təlim-məşq toplanışında iştirak etdikdən sonra yenidən Bakıya qayıdıb, Olimpiadanın startına iki həftə qalmış Rioya yola düşəcəyik.
- Dünya Təsnifat Turniri üçün Bakıya gələn, hazırda birgə təlim-məşq toplanışı keçdiyin xarici idmançılar arasında ciddi rəqiblərin olaraq xarakterizə etdiklərindən var?
- Onların bir neçəsi lisenziyaya iddialı boksçulardır. Həmçinin bəzi ölkələrdən artıq lisenziya qazanmış boksçular da Bakıya gəlib. Onlarla birgə məşq keçmək həm mənim, həm də komanda yoldaşlarım üçün kifayət qədər əlverişli fürsətdir.
- Olimpiadaya son dünya çempionu kimi yollandırsan. Necə hesab edirsən, bu, sənin üçün üstünlükdür, ya əksinə?
- Mən heç vaxt hansısa turnirdə ilk mərhələdə mübarizəni dayandıran idmançı ilə olimpiya və dünya çempionu arasında fərq qoymamışam. Onların hər birinə eyni yanaşmışam. Fikirləşirəm ki, onlar üçün də mənim son dünya çempionu olmağım o qədər də ciddi qorxu yaratmır. Nəticəyə gəlikdə, əlimdən gələni, hətta daha artığını etməyə çalışıram ki, çəkinin lideri olduğumu olimpiadada da sübut edə bilim.
- Son uğurlarına əsasən yığma komandanın bayraqdarı adına namizədlər arasında sənin də adın hallanır. Bu barədə nə demək istəyirsən?
- Məni namizəd olaraq görən, bu şərəfli missiyanı mənə yaraşdıran insanların hər birinə sonsuz minnətdarlığımı bildirirəm. Amma buna məndən də çox haqqı çatan idmançılarımız var.
- Məsələn kimlər?
- Rövşən Bayramov və Toğrul Əsgərovu daha layiqli bilirəm.
Sahib ƏSƏDBƏYLİ
Müsahibə AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.