Bu gün birinci divizionun 19-cu turunun mərkəzi oyununda "Turan Tovuz” Bakıda "Səbail”lə bərabərə qaldı. Turnir cədvəlinin lideri belədə ikinci yerlə xal fərqini qorumuş oldu. "Turan Tovuz”un baş məşqçisi Əsgər Abdullayev matçla bağlı Sportnet.az-a danışıb. Abdullayev futbolçularının döyüşkənliyini xüsusi vurğulayıb:
"Şükür Allaha komandamız xal fərqini qoruyub saxlaya bildi. Əlbəttə ki, komandamızın məqsədi birinci divizionda çempion olmaqdı. Bəli, bunun çox çətin olduğunu başa düşürük. Birinci yerə çıxmaq çətindisə, orada qalmaq, yeri qorumaq ondan da çətindi. Düzdü, xal fərqimiz var. Evdəki oyunda daha yaxşı oyun nümayiş etdirdik. Bugünki gündə komandam əsl döyüşkənlik göstərir, sona qədər mübarizə aparır. Qarşıda işlərimiz çoxdu, bunların üzərində işləmək lazımdı”.
Təcrübəli mütəxəssis "Turan Tovuz”un birinci divizionda çempion olaraq Premyer Liqada oynamaq istədiyini də söyləyib: "Hər bir məşqçinin məqsədi odu ki, işinin nəticəsini görsün. Məqsədimiz birinci divizionda çempion olmaqdı. Maliyyə məsələləri filan mənə aid olmadığından bu barədə nəsə deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, komandamız çempion olmaq istəyir”.