Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə yarışında gümüş medal qazanan Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev (90 kq) "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Yarışı gümüş medalla başa vurdunuz. Təəsüratlarınız necədir?
- Mənim üçün hər bir medal uğurdur. Yaxşı olardı ki, Vətənimizdə qızıl medal qazanım, amma bu da bir qismətdir.
- Qarşıda 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Avropa Oyunları gəlir. Belarusun paytaxtı Minskdəki yarışda nəyə ümid edirsiniz?
- Böyük Dəbilqədən əvvəl Yaponiyada təlim-məşq toplanışında idik. Məqsədimiz "Minsk-2019" II Avropa Oyunlarıdır. Oyunlardan əvvəl də 3 günlük toplanışımız olacaq. Məşqləri davam etdirir və ümid edirəm ki, vətənə yaxşı nəticə ilə qayıdacağıq.
- Rəqibiniz Nemanya Maydov dünya çempionu idi. Qələbə qazanmağınız üçün nə çatmadı?
- Mənə elə gəlir ki, finalda qarşılaşdığım serbiyalı rəqibimin təcrübəsi məndən çox idi. Maydov heç bir səhv etmədi ki, ondan yararlanaraq, fənd tətbiq edim. Mənə belə bir şansı vermədi. Bu, onunla nə birinci, nə də axırıncı görüşümdür. 3 günlük toplanış müddətində yaxşı hazırlaşaraq, növbəti görüşdə güclü olduğumu sübut edəcəyəm.
- Bu il artıq 1 dəst medal götürmüsünüz. Keçirdiyiniz görüşləri necə qiymətləndirirsiniz?
- Karyeramda heç vaxt bu qədər medalım olmayıb. Medalsız qayıtdığım yarış olmayıb. Çox razıyam, nəticələrim məni qane edir. Məşqləri dayanmadan davam etdirirəm. Rejimə də əməl edirəm. İndiyədək böyüklər arasında Avropa çempionatında medalım olmayıb. Əsas məqsədim II Avropa Oyunlarından medalla qayıtmaqdır. Artıq hər turnirdə rəqiblər məni tanıyır, hansı fəndlər edəcəyimi bilirlər və mənə qarşı hazırlaşırlar. Ona görə də yeni nələrsə fikirləşməliyəm. Bu istiqamətdə işləyəcəyik.
- Özünüzə əsas rəqib kimi görürsünüz? Çəkinizdə serbiyalı Nemanya Maydova və ispaniyalı Nikolas Şerazadişvili var...
- Düzü, onları özümdən elə də yuxarı pillədə görmürəm. Eyni pillədə ola bilərik, sadəcə, kiminsə günü olanda qalib gəlir. Bu gün finaldakı serbiyalı idmançının günü idi, İnanıram ki, Avropa Oyunlarında mənim günüm olacaq.