Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri davam edir. Sportnet.az-ın məlumatına görə, turnirin finalına yüksələn hər bir güləşçi olimpiadaya vəsiqə qazanır.
İkinci yarış günündə Azərbaycan yığmasının daha 2 üzvü "Rio-2016"ya lisenziya uğrunda yarışıb.
Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov ardıcıl olaraq moldovalı Aleksandru Burka, polşalı Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyəyə yenən ikiqat Avropa çempionu finala yüksəlib və olimpiadaya vəsiqəni təmin edib. Bu, güləşçilərimizin "Rio-2016"ya qazandıqları 12-ci lisenziya oldu.
Avropa təsnifat turnirinin finalında Həsənovun rəqibi Gürcüstan təmsilçisi Jakob Maxaraşvili olub. Bu görüşü də tam üstünlüklə başa vuran 26 yaşlı idmançı turnirin qızıl medalına sahib olub. Keçirdiyi bütün görüşləri aşkar üstünlüklə tamamlayan güləşçimiz rəqiblərindən 42 xal alsa da, heç bir rəqibinə xal verməyib.
Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan İrina Netreba ilk görüşdə çexiyalı Adela Hanzliçkovanı üstələsə də, yarımfinalda rusiyalı Anastasiya Bratçikovaya uzudub və lisenziya şansını itirib. Ancaq güləşçimiz Yunanıstan təmsilçisi Aqoro Papavasileyu ilə bürünc medal uğrunda görüşə çıxıb. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib qalib olub, güləşçimiz yarışı 5-ci sırada tamamlayıb.
63 kq (qadın güləşi)
1/4 final. Adela Hanzliçkova (Çexiya) - İrina Netreba - 4:10
1/2 final. İrina Netreba - Anastasia Bratçikova (Rusiya) - 2:7
Bürünc medal görüşü. Aqoro Papavasileyu (Yunanıstan) - İrina Netreba 9*:9
74 kq (sərbəst güləş)
1/8 final. Cəbrayıl Həsənov - Aleksandru Burka (Moldova) - 11:0
1/4 final. Cəbrayıl Həsənov - Kristian Brzozovski (Polşa) - 10:0 (1 dəq 46 san)
1/2 final. Cəbrayıl Həsənov - Suren Xaçatryan (Ermənistan) - 10:0 (51 san. - Olimpiadaya lisenziya)
FİNAL. Cəbrayıl Həsənov - Jakob Maxaraşvili (Gürcüstan) - 11:0