Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edən yığma komandanın üzvləri yarışların keçirildiyi Braziliyanın Rio-de-Janeyro şəhərindən Vətənə dönüb. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi keçirilib. Qarşılanma zamanı izdiham yaşanıb.
Hərbi orkestrin səsləndirdiyi mahnı sədaları altında jurnalistlər və azarkeşlər önünə çıxan idmançılardan sərbəst güləş üzrə gümüş mükafatçı Toğrul Əsgərov çiyinlərə alınıb və onun boynuna çələng salınıb.
Radik İsayev də çələngdə olub. İdmançılar xüsusi ayrılmış avtobuslara minərək, Mərkəzi Bank qarşısındakı Heydər Əliyev abidəsini ziyarətə yollanıblar. Tədbiri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi təşkil edib.
Qeyd edək ki, Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunub. Onlardan 18-i medal qazanıb. İdmançılardan 11-i - güləşçilər Mariya Stadnik, Nataliya Sinişin, Sabah Şəriəti, Xetaq Qazyumov, Şərif Şərifov, taekvondoçu Radik İsayev, Milad Beigi Harçeqani və Patimat Abakarova, kanoeçi Valentin Demyanenko, kayakçı İnna Osipenko-Radomska, boksçu Lorenso Sotomayor legionerdir. Yerli medalçılar isə cüdoçular Rüstəm Orucovla Elmar Qasımov, güləşçilər Toğrul Əsgərov, Rəsul Çunayev, Hacı Əliyev və Cəbrayıl Həsənovla yanaşı, boksçu Kamran Şahsuvarlıdır.