"Tam hazır deyildim, zədələrim çox idi. Lakin medalsız qalmadım".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyev Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki VI İslam Həmrəyliyi Oyunlarında çıxışı barədə danışarkən deyib.
Fərdi mübarizədə 90 kq çəki dərəcəsində bürünc medal qazanan 23 yaşlı idmançı qarışıq komanda yarışında İslamiada "qızıl"ına sahib çıxmalarını belə dəyərləndirib: "Bu, çox gözəl hissdir. Fərdi çıxışlara tam hazır olmadığımdan, bütün rəqiblərim çox çətin idi. Komanda yarışında da rəqibimə vaza-ari və yuko xalı ilə uduzurdum. Yalnız son saniyələrdə qalib gəldim. Sevinirəm ki, həm özüm medal qazandım, həm də komandamız çempion oldu. Buna görə çox xoşbəxtəm".
Qeyd edək ki, Elcan Hacıyev 2024-cü ildə Avropa çempionu, bu il isə dünya çempionatının bürünc medalçısı olub.

















































































