"Neftçi" futbol klubunun baş məşqçisi Arif Əsədov istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Müşahidə Şurası qərar qəbul edib.
"Qarabağ"la Azərbaycan kubokunun final görüşündən sonra keçirilmiş Şuranın iclasında məşqçilər korpusu ilə də yollar ayrılıb. Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib.
Qeyd edək ki, Samir Əliyev bu mövsüm "Neftçi”nin əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını qazanıb. Peşəkar futbolçu karyerası ərzində 31 dəfə əsas milli komandanın heyətində meydana çıxmış Samir Əliyev 112 oyunda "Neftçi”nin formasını geyinib. Ukrayna və Rusiyada legioner həyatı yaşamış hücumçu "Volın” və "Uralan” klublarında da çıxış edib.