"Bakı 2015" I Avropa Oyunlarında güləşçilərə veriləcək mükafat fondu açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, güləş üzrə Avropa çempionatı keçirilmədiyindən, bu yarışa ayrılan mükafat fondu Oyunlarda veriləcək.
Federasiya rəsmisi Azərbaycanın hər bir güləşçisindən qızıl medal gözlədiyini söyləyib.
Dünyanın ən güclü güləşçilərinin Azərbaycan pəhləvanları olduğunu deyən vitse-prezident sentyabrda ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək dünya çempionatı haqda da danışıb. O bildirib ki, həm I Avropa Oyunları, həm də dünya çempionatı önəmli yarışlardır: "Bu səbəbdən yarışlarda iştirak edəcək heyət gec açıqlandı. Çalışırdıq ki, hər iki turnirdə optimal heyət çıxış etsin. Oyunlarda çoxlu gənc pəhləvanlar çıxış edəcək. Onlar həqiqətən də yarışa hazırdırlar. Həm Avropa Oyunları, həm də dünya çempionatı bizim üçün çox vacibdir. Oyunlar Bakıda - öz vətənimizdə keçirilir, dünya çempionatı isə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından önəmlidir. Lisenziyaları sentyabrda əldə etsək, o zaman hazırlaşmaq üçün 1 il artıq vaxtımız olacaq. Məqsədimiz lisenziyaların 80 faizini əldə etməkdir".
Onun sözlərinə görə, məhz bu səbəbdən dünya və Avropa çempionu olmuş Rövşən Bayramov da ABŞ-da keçiriləcək yarışa yollanacaq.
Qeyd edək ki, güləş üzrə yarışlar Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Yunan-Roma güləşi 13-14, sərbəst güləş üzrə yarışlar isə 15-18 iyunda keçiriləcək. ("Report")