
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov dünya
çempionatının qrup mərhələsini dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli
mütəxəssis Rusiyanın 1/8 finala yüksələ bilməməsini "rüsvayçılıq” aadlandırıb.
"Meksika finala
çıxmağa layiqdir”
- A qrupunda aşkar favorit Braziliya idi. İkinci vəsiqə uğrunda mübarizənin
Xorvatiya və Meksika milliləri arasında gedəcəyi əvvəlcədən məlum idi. Lakin mərkəzi
amerikalılar sərgilədikləri futbolla göstərdilər ki, nəinki qrupdan çıxmağa, hətta
finaladək irəliləməyə layiqdirlər.
"İspaniya artıq tükənib”
- B qrupundan İspaniyanın "pley-off”a çıxmamasının başlıca səbəbi komandanın titullardan doymasıdır. Bu yığma artıq tükənib və yeni kollektivin formalaşdırılmasının vaxtıdır. Mundialda İspaniyanın ulduz futbolçularından heç biri komandanı arxasınca apara bilmədi. Qrupda hansı futbolu göstərdilər, ona uyğun da yer tutdular.
Hollandiya isə Çilini məğlub etməklə, qrup qalibi adına layiq
olduğunu nümayiş etdirdi. "Narıncılar” bu mundialda çox xoş təsir
bağışlayırlar.
Zəiflərin arasında
güclü
- C qrupunda turnirin 2 ən zəif "dördlüyü”ndən biri toplaşmışdı.
Kolumbiya rəqiblərindən daha hazırlıqlı olduğu üçün qrup qalibi adını çətinlik
çəkmədən qazandı. İkinci vəsiqə uğrunda mübarizədə Kot d İvuarı daha şanslı
sayırdım. Lakin Yunanıstanın afrikalılarla görüşdə bəxti gətirdi və məhz şəxsi
oyunda əldə edilən nəticə "Köhnə qitə” təmsilçisinin "pley-off”a yüksəlməsini şərtləndirdi.
"İngiltərəni başa
düşdüm, İtaliyanı isə ...”
- D qrupunda mübarizə aparan İngiltərə yığmasını başa düşmək olar. Bu
yığma hazırda nəsildəyişmə mərhələsindədir. Gənc komanda idi və buna görə də,
qrup sonuncusu olmalarında qeyri-adi heç nə yoxdur.
İtaliyanı isə anlamadım. 2002-ci ildən bəri Pirlo "Skuadra Adzurra”dadır.
Əgər bu futbolçu hələ də əvəzolunmazdırsa, deməli, problem bütövlükdə İtaliya
futbolundadır. Komandaların sərgilədikləri futbol göstərdi ki, ümumilikdə, bu, ortabab
bir qrup idi. Ancaq Kosta Rika millisi rəqiblərindən daha istəkli və əzmkar idi.
Bu komandanı DÇ-2014-ün ən böyük sensasiyası sayıram. Onları hatta turnirin gizli
favoriti də saymaq olar. Ancaq yarımfinaladək irəliləyəcəklərinə inanmıram.
Çünki tərübələri çatmayacaq. Ümumiyyətlə isə, Kolumbiya, Kosta Rika və Çili
yığmaları – dünya çempionatına rəng qatıblar, mundiala intriqa gətiriblər.
"Bu, yeni bir
Fransadır”
- E qrupundan Fransa və İsveçrə favorit idilər və bunu da sübut etdilər.
Öz aralarındakı görüş isə kimin qrup qalibi adına daha layiqli olduğunu göstərdi.
Bu, yeni bir Fransadır: gənc, əzmkar, istəkli. Deyə bilmərəm nə qədər uzağa gedəcəklər.
Ancaq sərgilədikləri futbol göz oxşayır.
"Bəxt bosniyalılardan
üz döndərdi”
- F qrupunda Argentinanın aşkar lider olacağını əvvəlcədən
proqnozlaşdırmaq olardı. Ancaq topladıqları xalları Messinin 9 xalı
adlandırardım. Qrup mərhələsində Argentina komanda kimi heç nə göstərmədi.
Bosniya və Herseqovina ilə Nigeriyanın 2-ci yer uğrunda mübarizə aparacağı
da gözlənilən idi. Bu komandalar arasındakı görüş həlledici oldu. Bəxt
bosniyalılardan üz döndərdi. Ancaq qeyd etməliyəm ki, qrup ikinciliyinə
Nigeriyadan çox avropalılar layiq idilər. Heç inanmıram ki, bu oyunla Nigeriya 1/8
final mərhələsini adlaya.
"Ronaldonun zədəsi Portuqaliyanın
taleyini həll etdi”
Mundialın ən maraqlı qrupunu formalaşdıran Almaniya, ABŞ, Portuqaliya və Qananın şansları təqribən eyni idi. Bəlkə bir qədər almanlar daha üstün idilər. Yəqin elə buna görə də onlar bu cüzi üstünlüklərindən istifadə edərək, 1-ci pilləni tutdular. İkinci vəsiqənin taleyini isə Ronaldonun zədəli olması həll etdi. "Real Madrid”in ulduzu tam gücü ilə mübarizə apara bilmədi. Elə bunun nəticəsi idi ki, faktiki olaraq, ilk oyundan sonra Portuqaliyanın şansları tükəndi.
ABŞ-ın 2-ci yeri tutmasında Yurgen Klinsmann amilini xüsusi
qabardardım. Almaniyalı mütəxəssis sözün əsl mənasında kollektiv yarada bilib.
Deyə bilmərəm, bu, növbəti mərhələyə yüksəlmək üçün kifayət edəcək, ya yox. Ancaq
ABŞ xoş təsir bağışlayan futbol sərgiləyir.
"Belçika gizli favorit
deyil”
- H qrupundan Rusiyanın "pley-off”a çıxa bilməməsi rüsvayçılıqdır. Bu yığma fiziki cəhətdən heç kimdən zəif deyildi. Lakin belə ifaçılarla uzağa getmək olmaz. Hətta Əlcəzairi keçsəydilər də, 1/8 final onlar üçün son mərhələ olacaqdı.
Çoxları Belçikanı turnirin gizli favoriti hesab etsələr də, bu fikirlə
razı deyiləm. Hələ ki, bu yığma favoritə layiq heç nə ilə yadda qalmayıb.
Favoritlər
Ümumilikdə, Braziliya, Hollandiya, Çili, Meksika və Almaniyanı mundialın favoriti sayıram. Düşünürəm ki, Braziliya – Çili və Hollandiya – Meksika görüşünün qalibi finalda üz-üzə gələcək.