"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun Sportnet.az-a müsahibəsi
- Komandanız "Şiroki Briyeq"lə oyuna hazırdır?
- Əsas problem heyətlə bağlıdır. Müəyyən çatışmazlıqlar var. Amma Sloveniya toplanışı zamanı "Maribor"la yoxlama oyunundan sonra mənə elə gəlir ki, mərhələni keçməyə ümid var. Baş məşqçimiz Dorinel Muntyanu da heyətdəki oyunçuların əzmkarlığından razıdır.
- Amma Muntyanu komandanı yenidən qurulmalı olduğunu bildirdi...
- Bu sözdə reallıq var. Əsas futbolçuların - Daniel Subotiç, Lorenso Ebesilyo, Leonardo da Silva və s. gedişi klubdan asılı olmadı. Bu, sırf özlərinin digər klublardan təklif alması ilə əlaqədar idi. Onlara edilən təkliflər bizim büdcəyə uyğun deyildi. Çatışmazlıqların olması fikri ilə də razıyam.
- Hücumçu qıtlığı yaşayırsınız. Belədə Yannik Kamananın göndərilməsinə təəssüflənmirsiniz?
- Qətiyyən! Amma Subotiç qalsaydı, yaxşı olardı. Digər tərəfdən, heç kimi zorla saxlamaq olmaz. Mənə elə gəlir ki, daha yaxşısını tapa bilərik.
- Niyə hücumçu ala bilmədiniz? Dean Qoluboviçin adı çəkilirdi...
- Futbolçular çoxdur, ancaq baş məşqçimiz dedi ki, bu heyət ilk mərhələni keçmək üçün kifayət edər. Hansısa futbolçunu gətirib, 3-4 günə onunla nəsə etmək real deyil. Onun komandaya uyğunlaşması var.
- Siz Avroliqaya keçici bir yarış kimi baxırsınız, yoxsa əsas məqsədiniz bu baş məşqçi ilə növbəti mövsümə hazırlaşmaqdır?
- Belə deyək, komandanı olduğu kimi qoruya bilsəydik, sözsüz ki, Avropada daha çox mərhələ keçməyə iddialı olardıq. İndiki komanda ilə maksimum nə edə biləriksə, tapşırıq odur. Burada başqa itiriləsi bir şey yoxdur. Baş məşqçimizlə də növbəti mövsüm haqqında danışmışıq. İnşallah alınsa, çempionluq da olacaq.
- Ruslan Abışovun keçidi barədə nə deyə bilərsiniz? Bu məsələ niyə belə çox uzandı?
- Onun məsələsi "Rubin"lə bağlı idi. Ruslanın özünün klubu ilə problemləri vardı, onu da həll elədi. İndi hər şey qaydasındadır.
- Hazırlıq səviyyəsi sizi qane edir?
- Məndə olan məlumata görə, oyun praktikasında bir az problemlər var. Amma fiziki, texniki baxımdan yaxşıdır.
- "Şiroki Briyeq"lə ilk oyundan nə gözləyirsiniz? Hər şeyi Qəbələdə həll etmək olar?
- Onu deyə bilmərəm. Ancaq ümid edirəm ki, bu mərhələni keçəcəyik.
- Matç saat 20:00-da başlanacaq. Stadion süni işıqlandırma şəraitində oyuna hazırdır?
- Bəli.
Rövşən ƏHLİMANOĞLU