
Fransanın "Lans" klubu ətrafındakı müəmmalı vəziyyət baş məşqçi Antuan Kambuarenin səbrini daşırıb. Sportnet.az-ın məlumatına görə, Kambuare yeni mövsümün hazırlıqlarına başlayan komandanın məşqlərinə qatılmayıb.
O, Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoriyasının (DNCG) "sarı-qırmızılar"la bağlı qadağası götürülməyənədək qayıtmamağı qərara alıb. DNCG klubun 10 milyon avroluq borcunun ödənməməsi səbəbindən "Lans"ın I Liqada iştirakına icazə verməyib. Kambuare isə klubun sahibi Hafiz Məmmədovun bu istiqamətdə səylərini yüksək qiymətləndirsə də, II Liqada işləmək niyyətində olmadığını bildirib: "Biz ötən mövsüm böyük iş görərək, I Liqaya vəsiqə qazandıq. Amma iştirakımıza icazə vermirlər. Mən bu qərarı dəstəkləmirəm. İndi "Lans"ın rəsmən I Liqaya dönüşünü gözləyirəm".
Bununla belə, baş məşqçi öz köməkçilərini "Lans"ın məşqlərinə göndərdiyini vurğulayıb.
Qeyd edək ki, DNCG-nin yeni qərarı iyulun 9-dan tez açıqlanmayacaq. Bu müddətdə "Lans" 10 milyon avro ilkin ödənişin köçürülməsi barədə sənəd təqdim etməli, Hafiz Məmmədov isə klubun yeni mövsüm üçün 45 milyon avroluq büdcəsini təsdiqləməlidir.