"Xalq düşməni deyilik ki, bizi cəzalandırsınlar"
"Bakı"nın hücumçusu Rauf Əliyevin Sportnet.az-a müsahibəsi
- "Xəzər Lənkəran"a keçidiniz nə dərəcədə realdır?
- Danışıq olub. Lakin yalnız şifahi söhbət etmişik. Hələ dəqiqləşən heç nə yoxdur.
- "Bakı"da uzun müddətdir ki, maaşlar verilmir. Hətta maliyyə problemi ilə əlaqədar şəxsi avtomobilinizi də satdığınızı deyirlər...
- Yox, daha o qədər də olmaz. Bunlar yalnış informasiyadır. Şükür, hələ ki yaşayırıq.
- Artıq "Bakı" yeni mövsümün hazırlıqlarına başlayıb...
- Düzdür, məşq oldu. Ancaq heç nə bilinmir. Bilinmir ki, kim hardadır, qeyri-müəyyənlik var. Biz də qalmışıq belə... Yalandan vaxt uzadırlar, biz də gözləyirik.
- Klub saytı komandanın məşqindən xəbər verərkən Əfran İsmayılov, Cavid Hüseynov və Sizin fərdi məşqlərlə kifayətləndiyinizi yazıb. Bu, nə ilə əlaqədar idi?
- Yəni, dəqiq heç nə yoxdur. Görək nə olacaq?
- Klub prezidenti Hafiz Məmmədov və baş məşqçi Milinko Pantiçin reaksiyasından xəbəriniz var?
- Yox, hələ bununla bağlı da heç nə bilmirik. Hələ ki gözləyirik.
- Bəs şəxsi fikriniz necədir?
- Nə deyim? Donub qalmışam.
- Komanda yoldaşlarınızın maliyyə problemindən dolayı klubu dəyişməsi mümkündür?
- Belə baxanda hər şey mümkündür. Pulsuz oynayası deyilik ki..
- FİFA da "Bakı"nı cəzalandırdı. Maliyyə problemləri yaşayan "Bakı"nın cəriməni ödəməsi real görünmür və ola bilər ki, aşağı dəstəyə düşəsiniz. Bu halda Rauf Əliyev I Divizionda oynayar?
- Mən milli komandanın üzvüyəm. Yəqin ki, belə olan halda klub rəhbərliyi bunu nəzərə alar. Xalq düşməni deyilik ki, bizi cəzalandırsınlar.
Rövşən ƏHLİMANOĞLU