Sizcə, bu xəbərdən sonra orta statistik azərbaycanlı futbol həvəskarı özünü necə hiss edər? Həmin azarkeşdə Azərbaycan futboluna nifrət yaranmasın, bəs hansı hiss yaransın? Axı, guya Cavadov milli komandanın lokomotividir, qollar vurub, yığmaya qələbələr qazandırıb, bizi Avropa çempionatına, sonra dünya çempionatına, sonra nə bilim kosmosa, Marsa, Yupiterə aparacaq. Mən sabah "Qaziantep BB”nin oyunçusundan nə uma bilərəm axı?
Sitatlar:
1) "Heç inanmıram ki, Nurulah Sağlam kimi bir məşqçisi olan, bu cür rəhbərliyə malik klubda analoji problem yaşansın”;
2) "Orda Nurullah Sağlam kimi bir mütəxəssislə çalışacağam”;
3) "Bu klubun baş məşqçisi Nurullah Sağlamdır. Bu, çox şeydən xəbər verir”.
Vaqif oturub-durur, Nurullah Sağlam kəlməsi ağzından əskik olmur. Qardaş, bu Nurullah Sağlam kimdir? Fatih Terimdir, Mustafa Dənizlidir, yoxsa Şenol Günəşdir? Vaqif, bəlkə Nurullah Sağlamla Ərtuğrul Sağlamı səhv salmısan? Mən indiyə qədər belə məşqçi adı eşitməmişdim. Onun haqqında internetdə axtarış verəndə isə tapdıqlarım bunlar oldu: "7-ci haftada görevine son verildi”, "Süper Lige iyi başlamasına rağmen sonrasında aldığı mağlübiyetler sebebiyle görevindan ayrıldı”, "20 Ekim 2010 tarihinde işine son verildi”... Bu məşqçi haqqında "görevinden ayrıldı” və "işine son verildi” cümlələrindən başqa nəsə tapmaq demək olar, müşkül məsələdir. Ola bilər ki, Nurullah Sağlam ürəyiaçıq, xeyirxah, alicənabdır, amma çalışdırdığı klublarda ciddi uğura nail ola bilməyən, cəmi 5-10 gün əvvəl tanıdığın məşqçini tərifləyib, göyə qaldırmağın nə mənası var?
Guya başqa futbolçularımız Vaqif Cavadovdan geri qalır ki? Mahir Şükürov Türkiyənin I liqa təmsilçisi "Karşıyaka”ya, Rəhman Hacıyev isə "Qaziantep BB”yə keçib, Rail Məlikov, Amit Quluzadə, Saşa Yunisoğlunun da qonşu ölkəyə transferi gündəmdədir. Hələ I liqada oynamağı arzulayan neçə-neçə azərbaycanlı futbolçu var. Ümumiyyətlə, son illər Azərbaycandan Türkiyə I liqasına kütləvi axın müşahidə olunmaqdadır. Nəticə isə göz qabağındadır: əksər futbolçularımız qardaş ölkədən əlləri ətəklərindən uzun dönürlər. Səbəb odur ki, Türkiyənin I liqa klubları tez-tez müqavilə şərtlərini pozurlar, futbolçuların əməkhaqlarını vermirlər. Bəlkə bu mənasız transferlərə son qoyaq. Bezdik axı? Adam qeyri-peşəkar idarə olunan, tələffüz etməyə çətinlik çəkdiyi klubların adlarını nə qədər eşidər? "Tavşanlı Linyitspor”, "Yımpaş Yozqatspor”, "Zonquldakspor”, "Fəthiyəspor”, "Bandirmaspor”, "Kartalspor”, yox bir "Quşspor”!
Hara gedirik bu gedişlə? Özünüzə qiymət vein ki, kənardakılar da sizi qiymətləndirsin. Əgər legioner həyatında indiyədək 1 qol belə vura bilməyən Vaqif Cavadov anlamırsa ki, "Qaziantep BB” bizim mərhum "Bakılı” tipində bir klubdur, onda həqiqətən də Azərbaycan futbolundan və futbolçusundan yaxşı nəsə gözləməyə dəyməz.
Bizdə inkişaf var: amma tısbağa sürəti ilə. Sonda azərbaycanlı futbolçu ilə bir tərəziyə qoyduğuma, müqayisə aparıb, xətirlərinə dəydiyimə görə, suda və quruda yaşayan bütün tısbağalardan üzr istəyirəm.