
Dünya Güləş Birliyi 2015-ci ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısına 12 güləşçimizin adı daxil edilib.
"Bakı 2015" I Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionluğuna yiyələnən Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir. O, bundan əvvəlki reytinq sıralamasında 4-cü idi. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti reytinq siyahısında mövqeyini 1 pillə də yaxşılaşdırıb. Ötən siyahıda 5-ci olan güləşçimiz, bu dəfə ilk dördlükdə qərarlaşıb.
Bundan başqa, daha 4 güləşçimiz də ilk onluqda yer alıb. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.