Bu gecə DÇ-2014-ün ilk finalçısı müəyyənləşəcək.
Sportnet.az-ın məlumatına görə, yarımfinalda Braziliya və Almaniya yığma
komandaları üz-üzə gələcəklər.
Oyundan öncə
Braziliya – Almaniya. Təəccüblü
heç nə baş verməyib. Axı hələ DÇ-2014 start götürməmişdən əksər mütəxəssislər,
jurnalistlər və sadə azarkeşlər ilk yarımfinal cütlüyünü bu iki komandanın
təşkil edəcəyini proqnozlaşdırırdılar. Ancaq həm Braziliyanın, həm də
Almaniyanın hansı əzab-əziyyətlə bu mərhələyə çatacağını az adam gözləyirdi.
Meydan sahibləri artıq 1/8 finalda bir ayaqları ilə uçurumun üstündən asılı
vəziyyətdə idilər. Ancaq Çili ilə görüşün matçsonrası penalti seriyasında əlazhəzrət
bəxt "pentakampeonlar”ın tərəfində oldu. Növbəti mərhələdə Luis Felipe
Skolarinin komandası fanatlarının əsəbləri ilə oynamadı və görüşün əsas
vaxtında Kolumbiyanı yola salmağı bacardı. Lakin azarkeşlər parlaq və kombinasiyalı
futbol görmədikləri üçün yığmalarından tam razı qala bilməzdilər. Razı
qaldıqları yeganə məqam nəticənin olması idi. Amma bu, ciddi əsasdır, deyilmi?!
Skolarinin ixtiyarında Ronaldo, Rivaldo, Ronaldinyo kimi hücumçu yoxdur. Doğrudur, Neymar var idi. Ancaq nə qədər acınacaqlı olsa da, onun adlarını çəkdiyimiz trioya çatmasından danışmaq hələ tezdir. Bax buna görə də Big Fil (Böyük Fil) əlində olan məhsulla kifayətlənir. "Məhsul” da ancaq dağıdıcı futbol bacarır. Bu qədər pessimizmin qarşısında Braziliyanın oyundan oyuna daha inamlı təsir bağışladığını da qeyd etməliyik. Bu, xüsusilə psixoloji aspektdə özünü büruzə verir. Futbolçular hər epizodda canlarını qoyur, hər vurduqları qoldan sonra necə sevindikləri ilə Braziliya üçün alışıb-yandıqlarını hiss etdirirlər. Onlar hansı məqsəd uğrunda döyüşdüklərini hər an sübut edirlər. Əzmkarlığa görə braziliyalılarla yalnız Kosta Rika millisini müqayisə etmək olar.
Ancaq bu keyfiyyətlər Braziliyaya
bəs edəcəkmi? Üstəlik Tyaqo Silva və Neymarsız qalan Braziliyanın hansı təsir
bağışlayacağı sualı da optimistlər üçün deyil.
Almaniyanın azarkeşləri zədə
baxımından narahat deyillər. Onları Getse və Mertezakerin sağalmasından sonra
sevimli yığmalarının hansı start heyətinə güvənəcəyi maraqlandırır. Görəsən Lam
yenidən mərkəzə qayıdacaq, yoxsa Fransaya qarşı möhtəşəm göründüyü müdafiənin
sağında qərarlaşacaq? Löv hücumda kimə etibar edəcək: Klozeyə yoxsa Müllerə?
Müllerə etibar etsə onun cinahdakı mövqeyini kim tutacaq, Getse, yoxsa Şürrle?
Ancaq çətin ki, bu tip yerdəyişmələr Almaniya yığmasının oyun sisteminə təsir
etsin. Bu yığma mundialda praqmatik, nəticəyə hesablanmış futbol göstərir.
Fransa ilə görüş bunun əyani sübutudur.
Deməli, bugünkü oyunda parlaq futbola ümid etməyə dəyməz. Nə hücum futboluna meyl etməyən Braziliya, nə də praqmatizmi ilə seçilən "Bundestim” başıalovlu irəli atılmayacaq. Tərəflər qapalı, ehtiyatlı futbol sərgiləyəcəklər. Bu cür oyunlarda cütlüyün taleyini 1 qol həll edir. Ümumiyyətlə, qol olacaqmı? Ritorik sualdır. Çünki bəzən susqunluqla seçilən komandalar hansısa oyunda elə bir futbol ortaya qoyurlar ki, illərlə həmin qarşılaşma yaddaşlardan silinmir.
Sonda İngiltərə futbolunun canlı əfsanəsi Harri Linekerin bir məşhur ifadəsini yada salaq: "Futbol sadə oyundur. 22 kişi 1 topun arxasınca qaçır... Sonda isə almanlar qalib gəlir”. Görəsən "futbol sehrbazları” da Vətəndə Linekerin dediyi sözlərin qurbanı olacaqlarmı?
09 iyul. ½ final. Braziliya – Almaniya - 1:7
Qollar: Oskar, 90 - Tomas Müller, 11. Miroslav Kloze, 23. Toni Kroos, 24; 26. Sami Xedira, 29. Andre Şürrle, 69; 79
Baş hakim: Marko Rodriges (Meksika)
Belu-Orizonti şəhəri. "Mineyran” stadionu.
17-ci dəq. Marselo Lamla mübarizədə yerə yıxılır və penalti tələb edir. Bu zaman onunla Boatenq arasında toqquşma baş verir. Münaqişəyə digər futbolçular da qoşulur. Baş hakimin araya girməsindən sonra sakitlik yaranır. Referi şifahi xəbərdarlıqla kifayətlənir.