
Türkiyənin "Giresunspor" klubu son mövsüm "Rəvan"da forma geyinən Kamal Bayramov və Ayaz Mehdiyevlə münasibətləri rəsmiləşdirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, azərbaycanlı futbolçularla dünən müqavilə imzalanıb.
Yeni mövsümdən "Giresunspor"un qapısını qoruyacaq Bayramov keçidi haqda bunları bildirib: "Burada uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Giresunspor"a fayda vermək üçün gəldik. Giresunu çox bəyəndim, gözəl şəhərdir. İnanıram ki, burada xoşbəxt olacağıq".
Ayaz Mehdiyev isə yeni komandasının yaxşı azarkeşləri olduğunu bildirib: "Giresunspor"un uğuru üçün sona qədər mübarizə aparacam. Futbol oynamaq üçün gözəl şəhərdir. Azarkeşlər qarşısına çıxacağım günü səbirsizliklə gözləyirəm".
Hər iki futbolçu müqavilə ilə hələ 1 il "Rəvan"a məxsusdurlar. Məsələnin necə həll olunduğuna ötən mövsüm Topaz Premyer Liqasında sonuncu yeri tutaraq, 1-ci diviziona yuvarlanan klubun mətbuat katibi Şamo Quliyev aydınlıq gətirib. O, Sportnet.az-a rəhbərlik tərəfindən hər iki oyunçuya yeni komanda axtarmağın məsləhət görüldüyünü söyləyib: "Bu sevindirici haldır ki, bizim futbolçular Türkiyədə legioner həyatı yaşayır. Kompensasiya məsələsinə gəldikdə isə düşünmürəm ki, hansısa problem yaşansın. Əgər olsa belə, bu, simvolik bir rəqəm olacaq".
Qeyd edək ki, Kamal Bayramovun "Giresunspor" düşərgəsinə yollanması xəbərini ilk olaraq Sportnet.az iyulun 10-da yayıb.