Bu gecə dünya planetin ən güclü futbol yığmasının adını öyrənəcək. Sportnet.az-ın məlumatına görə həlledici görüşdə Almaniya və Argentina milliləri üz-üzə gələcəklər.
Matçdan öncə
Tarixində 8-ci dəfə Bundestim dünya çempionatının finalında oynayacaq. Hələ Almaniya Federativ Respublikası aldlandırıldığı dövrdə almanlar 3 dəfə planetin ən güclü yığması adını qazanıblar. Müasir Almaniya tarixində isə cəmi bir dəfə final oynayan Bundestim 2002-ci ildə Braziliya yığmasına 0:2 hesabı ilə məğlub olub.
Argentina ilə almanlar tez-tez qarşılaşıblar. Əksər hallarda sevinən tərəf cənubi amerikalılar olub. Ancaq dünya çempionatlarındakı balans daha ürəkaçandır. 2006 və 2010-cu illərdə avropalılar "albiseleste"ni 1/4 final mərhələsindən kənarlaşdırıblar. 1990-cı ildə isə Almaniya cənubi amerikalıları mundialın finalında məğlub edib. Bundan 4 il öncə Maradona və dostları "alman maşını"nı 3:2 hesablı qələbə ilə dayandırıb.
Almaniya yığmasının Braziliyadakı mundialda çıxışını indidən əlamətdar adlandırmaq olar. Miroslav Klozenin dünya çempionatları tarixində ən çox qol vuran oyunçu (16 qol) statusuna yiyələnməsi nəyə desən dəyər! "Bundestim"in öyünməli daha bir məqam bu mundialda 2 dəfə böyük hesabla qalib gələn yeganə yığma olmasıdır.
"Səma-mavilər" mundialın ən praqmatik yığması statusunu haqq ediblər. Messi və dostları keçirdikləri ilk 5 oyunun hamısında minimal fərqlə qalib gəliblər. Yarımfinalda isə Hollandiya ilə yuxu gətirən görüşü penalti seriyasına qədər uzatdılar. Bu amillər finalda Argentinanın rəqibini favorit göstərmək üçün kifayət qədər əsas verir.
Statistikaya inansaq Serxio Romero DÇ-2014-ün ən etibarlı qapıçısıdır. Qrup mərhələsində onun qoruduğu qapının torunu yalnız bosniyalılar və nigeriyalılar silkələyə biliblər. "Pley-off"da isə buna heç kim nail ola bilməyib. Onun DÇ-2014-də "quru seriyas"sı artıq 330 dəqiqədir davam edir. Mundialın gedişində turnirin ən yaxşı qapıçısı adına layiq görüləcək əlcək sahibləri siyahısında Romero öncüllər sırasında yer almırdı. Ancaq bu gün fərqli mənzərə yaranıb. Romeronun cəmi bir rəqibi qalıb: onun almaniyalı həmkarı Manuel Noyer. Bu qarşıdurmada əlbəttə ki, əsas rolu finalın nəticəsi müəyyənləşdirəcək.
"Pley-off" mərhələsinin əsas vaxtında Argentina cəmi 1 qola imza atıb. Həmin qolun müəllifi Anxel di Mariyanın finaldakı iştirakı isə sual altındadır. "Qızıl buts"a əsas namizəd Lionel Messi qrup mərhələsindən sonra qol sevinci yaşamayıb. Cənubi amerikalıların hücumçuları - Lavessi, İquain, Palasio və Aquero lazımı məhsuldarlıqla seçilə bilməyiblər. Ancaq "Marakana" dünyanın "futbol Məkkəsi" sayılır. Burada hər bir futbolçuya əlavə motivasiya gəlir.
Yeni dünya çempionunun adını öyrənməyə saatlar qalır. Gözləyək...
13 iyul. Final. 24:00. Almaniya - Argentina - 1:0
QOL: Mario Götze, 113
Start heyətlər
Almaniya: 1. Noyer, 4. Hövedes, 5. Hummels, 7. Şvaynştayger, 8. Özil, 11. Kloze, 13. Müller, 16. Lam (kap.), 18. Kroos, 20. Boatenq, 23. Kramer
Argentina: 1. Romero, 2. Qaray, 4. Sabaleta, 6. Biqlia, 8. Peres, 9. İquain, 10. Messi (kap.), 14. Maskerano, 15. Demiçelis, 16. Roxo, 22. Lavessi
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Rio-de-Janeyro şəhəri. "Marakana" stadionu
Matç öncəsi Almaniya yığmasının start heyətində dəyişiklik edilir. Xedira ilk "11-liy"ə daxil edilməsinə baxmayaraq, Kramerlə əvəzlənir.
Oyun başladı.
4-cü dəq. İlk təhlükəli vəziyyəti Argentina yaratdı. Lavessi zərbə mövqeyinə çıxsa da, topu qapıdan azacıq aralı vurdu.
9-cu dəq. Messi cinahla gözəl keçid edərək, qapı qarşısına ötürmə etsə də, komanda yoldaşlarına çatmır.
13-cü dəq. Lamın qapı qarşısına asmasına Kloze tullansa da, nə o, nə də top uğrunda mübarizə aparan rəqibi başla zərbə endirə bilir.
17-ci dəq. Kramer çənəsindən zərbə alaraq, yerə yıxılır. Həkimlərin müdaxiləsindən sonra o, oyuna davam edə bilir.
21-ci dəq. İquain Kroosun səhvindən sonra topu ələ keçirərək, qapıçı ilə təkbətək qalsa da, real qol imkanını əldən verir.
28-ci dəq. Matçda ilk sarı vərəqə. Lavessinin sürətli hücumunun qarşısını kəsdiyi üçün Şvaynştayger cəzalanır.
29-cu dəq. Argentina yığması qol vursa da, hesaba alınmır. Səbəb kimi İquainin qol epizodunda oyundankənar vəziyyətdə olması göstərilir.
32-ci dəq. Almaniya millisində əvəzləmə. Zədələnən Kramer vaxtından əvvəl oyunu tərk etməli olur. Onun yerinə Şürrle meydana daxil olur.
33-cü dəq. Almaniya millisinin daha bir futbolçusuna sarı vərəqə göstərilir. Hövedes kobud oyuna görə cəzalanır.
37-ci dəq. Bundestim də real qol imkanı yaradır. Şürrlenin qüvvətli zərbəsini Romero çətinliklə dəf edir.
40-cı dəq. Argentina millisi növbəti qol imkanını qaçırır. Qapı qarşısında yaranan qarışıqlıqda Messi topu tora göndərə bilmir.
45-ci dəq. Müllerin ötürməsindən sonra Kloze önündən keçən topa başla zərbə endirə bilmir.
İlk yarıya 2 dəqiqə əlavə olunur.
45+1-ci dəq. Künc zərbəsindən sonra top Argentina yığmasının qapı dirəyinilmir. ə dəyir. Hakim isə ofsayd qeydə alır.
İlk yarı başa çatır.
İkinci hissəyə Argentina yığması əvəzləmə ilə başlayır. Lavessinin əvəzinə Serxio Aqüero meydana daxil olur.
47-ci dəq. Messi təkbətək çıxsa da, topu qapının yanından vurur.
57-ci dəq. Noyer zərbə mövqeyinə çıxan İquainin fərqlənməsinə imkan verməmək üçün topa tullanır və rəqib futbolçunu zədələyir. Hakim "davam" deyir. İquain tezliklə meydana qayıdır.
62-ci dəq. Şürrle Özili zərbə mövqeyinə çıxarsa da, türk əsilli futbolçu fərqlənə bilmir.
64-cü dəq. Maskerano kobud oyuna görə sarı vərəqə alır.
65-ci dəq. Aqüroya da sərt oyuna görə sarı vərəqə göstərilir.
70-ci dəq. Şürrle növbəti qol imkanını əldən verir.
81-ci dəq. Kroosun zərbəsi qapıdan yan keçir.
82-ci dəq. Meydana azarkeş girir və oyun bir müddət dayanır.
86-cı dəq. Qaqo Peresi əvəzləyir.
88-ci dəq. Götze Klozenin əvəzinə meydana daxil olur.
90-cı dəq. İkinci hissəyə 3 dəqiqə artırılır.
Əsas vaxt başa çatdı. Komandalar daha 30 dəqiqə oynamalı olacaqlar.
Əlavə vaxt başladı.
92-ci dəq. Aquero qapı qarşısında nəzarətsiz qalan Messiyə dəqiq ötürmə verə bilmir.
97-ci dəq. Palasio topu Noyerin başı üzərindən atmaq istəyir. O, istəyinə nail olsa da, top qapı dirəyinin yanından keçir.
İlk əlavə bölüm başa çatır.
İkinci əlavə bölüm başlayır.
109-cu dəq. Aquero Şvaynştaygerə qarşı kobud oynayır. Amma referi bir sarı vərəqəsi olan Aqueronu meydandan qovmur.
111-ci dəq. Şvaynştaygerin qaşından qan açılsa da, əvəzlənməsinə qarşı çıxır və oyunu davam etdirir.
113-cü dəq. QOOOOOL! Mario Götze ona ötürülən topu sinəsi ilə saxlayaraq, zərbə endirir və top tora daxil olur.
118-ci dəq. Cinahdan ötürülən topa Messi başla zərbə endirir. Top qapının üstündən keçir.
119-cu dəq. Almaniya yığmasından növbəti qol imkanı. Müller fərqlənə bilmir.
120-ci dəq. Özilin əvəzinə Mertezaker meydana girir.
2 dəqiqə əlavə vaxt.
120+2. Messi Argentinanın son şansından yararlanmağa çalışır. Cərimə zərbəsini yerinə yetirir. Şvaynştayger isə yerdə qalıb. Messi vurur və qapıdan üstdən keçir.
Oyun başa çatır. Almaniya yığması 4 qat dünya çempionu olur.
Matçın adamı: Mario Götze (Almaniya)