Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoratının (DNCG)
Apelyasiya komissiyasının azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus Fransa "Lans”ının Liqa-1-də
iştirakına qadağasından sonra klub prezidenti Jerve Martel mətbuat konfransı
keçirib. Sportnet.az-ın Fransa mətbuatına istinadən məlumatına görə, Martel
Fransanın Milli Olimpiya və İdman Komitəsinə (CNOSF) müraciət etmək fikrindədir.
- "Bank of Azerbaijan"dan 18 milyonluq təminat
da təqdim etdik. Ancaq bu, kifayət etmədi. Çünki DNCG məhkəmənin 1-ci qərarını təsdiq etdi və Hafiz
Məmmədovdan daha 10 milyon avroluq bank təminatı tələb etdi. Nəyə görə büdcəni səhər tezdən təqdim
etdik? Təsəvvür edin ki, əliboş gəlməmişdik. Çalışırdıq ki, ortadakı kəsiri
aradan qaldıraq. Ancaq bu, baş vermədi. Bu səbəbdən qərara aldıq ki, büdcəni dəyişməyək.
DNCG də "Lans”ın hələ ki, II Liqada qalmasını qərara alıb. Ancaq sabah CNOSF-a
müraciət edəcəyik və bu təşkilatın rəsmiləri ilə görüşə biləcəyimizi düşünürəm.
Bu görüşün gələn həftənin bazar ertəsindən gec baş tutmayacağını düşünürəm.
- Belə təəssürat yaranır ki, Siz yenə də sadəcə, vaxt udmağa çalışırsınız...
- Mən səhmdarıma inanıram. O,
iyulun 6-da çıxış edərək, 9-da məsələni həll edəcəyini bildirib. Hesab edirəm
ki, bu, müvəqqəti çətinlikdir və DNCG-nin tələb etdiyi 10 milyon yaxın vaxtda mənzil
başına çatdırılacaq. Bu üzdən də CNOSF-a gedərkən, özümüzü rahat hiss edəcəyik.
Öz komandamla klubun mənafeini qorumaq üçün hər şeyi etdim. Əvvəlkitək səhmdarımıza inanıram. Ancaq fakt faktlığında qalır ki, bu günədək 10 milyon gəlib
çıxmayıb.
- 2-ci Liqada qalmağı mümkünsüz sayırsınız?
- Xeyr, əminəm ki, biz 1-ci Liqada çıxış
edəcəyik. Hətta deyərdim ki, buna ayaqqabımın izi qədər arxayınam. Klubum üçün əlimdən
gələn hər bir şeyi edəcəyəm. Hüquqşünaslarla da məsləhətləşmələr aparmışam. Narahatçılığa
səbəb olan yeganə məsələ 10 milyondur. Ancaq yaxın günlərdə CNOSF-da görüş
olacaq. Həmin dövrədək ya çatışmayan məbləğ bizdə olacaq, ya da büdcəni
azaldacağıq.
- Fransanın ali futbol qurumunun aksionerinizə inanmadığını hiss edirsinizmi?
- Düşünmürəm ki, eyni münasibət digər
klublara da göstərilsin. Üstəlik Azərbaycanla Fransa arasında 5000 kilometr məsafə
var. Aksionerimiz Fransadakı qaydaları başa düşmək üçün xeyli səy göstərir.
Bakıda bir neçə gün keçirdik. Oradakı qayda-qanunlar barədə geniş informasiya
topladıq. Çeçələ barmaq arxasında gizlənmək mümkünsüzdür. Heç kimi tənqid etmirəm.
Həm səhmdarımıza, həm də DNCG-yə hörmət edirəm.
- Siz artıq 20 ildən artıqdır ki, klub prezidentisiniz. Hələ də prosedur qaydalarını öyrənməmisiniz?
- Düşünürəm ki, həmişə ürəyimin bir parçası olan klubumun mənafeini qorumuşam. Bu gün biz çətin durumdayıq, ancaq bu, müvəqqətidir. Bunu iki ölkə arasında fəlsəfi baxışların fərqli olması və məsafə ilə əlaqələndirmək olar. Ancaq qeyd etməliyəm ki, Azərbaycan xalqına böyük hörmətim var. Təssüf ki, DNCG-ni inandıra bilmədik.
- Yaranan vəziyyət digər klubları əcnəbi aksionerlərin xidmətindən imtina etməsinə təkan verə bilərmi?
- Əlbəttə, Jerve Martel əsas səhmdar olsaydı, hər şey poçt vasitəsi ilə həll olunardı. Ancaq bizə yardım əli uzadan insanların ənənələrinə hörmət etməyə borcluyuq. Çünki Hafiz Məmmədov qaçmır, o yenə də bizim yanımızdadır. 19 milyon 3-5 frank deyil! Özü də Azərbaycanın bank təminatı da var! Bu, o deməkdir ki, ilk tələbimizlə vəsait bizdə olacaq. Bu, beynəlxalq qaydalardır! Yalnız 10 milyonluq problemimiz qalıb.
- Hafiz Məmmədovla telefon danışığınız olub?
- Yox, heç bir danışığımız olmayıb. Ancaq bir sıra məsləhətləşmələrim olub. O, hadisənin mahiyyətini gözəl dərk edir. Düşünürəm ki, gecə saatlarında Hafiz Məmmədovla telefon danışığımız olacaq.