AFFA Klublar Komitəsinin sədri və "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Komandalar gəncləşdirmə siyasəti aparır. Amma yalnız gənclərlə də uğur qazanmaq olmur. Götürək elə "Xəzər Lənkəran"ı...
- Biz çempionatda ən yaxşı məşqçilər korpusunu gətirdik, futbolçuları transfer etdik. Heç kim deyə bilməz ki, "Xəzər Lənkəran"a gələn legionerlər zəif olub. Amma əfsuslar olsun ki, nəticə qazanılmadı. Komanda qış fasiləsinə 5-ci yerdə yollanır. Həmin heyət "Simurq"a 1:3 hesabı ilə məğlub olmuşdu. Ancaq indi gələcəyi olan, döyüşkən gənclər səfərdən 0:2 hesablı məğlubiyyətlə qayıdır. İnternet vasitəsilə izlədinizsə, komandanın necə oyun nümayiş etdirdiyini gördünüz. O deməkdir ki, biz düzgün yoldayıq. Yəni, qarşıdakı aylarda o futbolçular öz səviyyələrini tutacaqlar. Bundan sonra da nəticə verəcəklərinə şübhə etmirəm. Heyətdə legionerlər də saxlamışıq. Bu, o demək deyil ki, biz bütün legionerləri göndərib yalnız yerliləri saxlamışıq. Bu proses mərhələli şəkildə həyata keçirilir. Lazım olsa, məşqçi heyəti desə ki, bizə legioner lazımdır, təbii, o da gətiriləcək. Ancaq klubun əsas sütunu qurulandan sonra bunlar olacaq.
- Manuel Skarlatake məsələsi nə yerdə qaldı?
- Skarlatakenin zədəsi olduğu üçün əsas heyətə qatıla bilmir. O, klubun futbolçusudur. Əvəzedici heyətdə məşq edir, zədə səbəbindən əsas heyətə qatıla bilmir.
- Məşqçilər Komitəsi Antalyada olanda klub rəsmiləri ilə görüşdü. Görüşdə qaldırılan məsələlərdən biri gənc futbolçuların əsas heyətdə oynamalarının yolu tapılması ilə bağlı idi...
- Klublar Komitəsinin iclasında da belə bir təklif irəli sürüldü. Təklif edirik ki, legioner limiti ilə yanaşı, hər klubun 2 yetirməsinin adı oyunun məcburi qaydada iştirak ərizəsinə daxil edilsin. Biz deyə bilmərik ki, ilk "11-lik"də olsun. Çünki bu, baş məşqçinin qərarıdır, ancaq ilk "18-lik"də olsun. Bu da klubun öz yetirmələrinə yol açır.
- Sizə elə gəlmir ki, klublar məcburiyyətdən gənclərə yer verir? Məsələn, "Bakı" maliyyə böhranı içində olduğu üçün gənclərə yol açıb...
- Bu gün ən önəmli məsələni yaddan çıxartmamalıyıq. "Xəzər Lənkəran" bu heyətlə Azərbaycanda çıxış edir. Sabah avrokuboklara vəsiqə qazansa, bu heyətlə layiqli çıxış edə biləcək? Bax, problem burdadır. Deyə bilmərik ki, bütün klublar ancaq öz yetirmələri ilə oynasın. Çünki sabah avrokuboklarda layiqli çıxış edə bilməyəcəklər. Gedib səviyyəsiz legionerləri cəlb edəcəklər və yerli futbolçuların da inkişafı olmayacaq. Sırf legionerlə ölkə futbolu inkişaf etməz. Çünki legioner yalnız maddiyyata görə gəlir, amma yerli futbolçu uşaqlıqdan klub loqosunu sinəsində daşıyır. Bu gün Alfred Sanko kimi oyunçunun yanında yerlilər çox şey öyrənir. Vyekoslav Tomiçin yanında Orxan Sadıqlı, Tərlan Qasımzadə kimi qapıçılar təcrübə artırır, öyrənirlər. Ancaq o legionerlərdən imtina etsək, yerli gənclər haradan, kimdən öyrənəcəklər?
- "Bakı"nın maddi problemini həll etmək üçün hansısa addım düşünülür?
- Klublar Komitəsi artıq Azərbaycan futboluna öz tövhəsini verib. Ötən iclaslarda komitə öz işini gördü və "Bakı"dan futbolçu transferinin qaydalara uyğun həyata keçirilməsi barədə qərar qəbul etdik. Düşünürəm ki, bu problem "Bakı"nın müvəqqəti çətinliyidir. İstəmirik ki, "Bakı" çempionatdan, yarışdan kənarda qalsın. "Bakı"da gənc, istedadlı futbolçular var. Vaxt gələcək onları satıb vəsait əldə edəcəklər.
- Qalin İvanov məsələsində işlər nə yerdədir?
- O və Deyan Blajevski klubun düşərgəsini tərk edən zaman ədliyyə orqanının əməkdaşları vasitəsilə dərhal aktlaşdırıldı ki, futbolçular düşərgəni icazəsiz tərk edib. Onlar klubda hansısa problem olduqdan sonra gedib şikayət edə bilər. Futbolçu getməmişdən qabaq açıqlayardı ki, "Xəzər Lənkəran" məni incidir" və sonra gedərdi. Ancaq belə bir şey olmadı. Biz ondan şikayət etmişik. "Xəzər Lənkəran"da günah olsaydı, bunu açıq etiraf edərdim. Müqavilədə olan bütün bəndlər yerinə yetirilib. Azərbaycanda, hesab edirəm ki, bizdən tez maaş verən klub yoxdur. Skarlatake deyirdi ki, mənim 2 aylıq maaşım verilmir. Futbolçu transferə qoyulursa, belə olmalıdır. Onun əvvəlki klubuna 150 min avro transfer haqqı ödəyib almışıq. Bunu açıq deyirəm. Sabah da biz onu satanda, təbii ki, 2 aylıq maaşı da tutulacaq, ortada olan fərqi gətirib ödəyəcək və gedəcək. Yaxud da deyəcək ki, maaşımı verin, transfer haqqımı klub ödəyəcək. Digər tərəfdən, harda görünüb ki, ay tamamlanmamış maaş verilsin? Bu adam transferə dekabrda çıxarılıb. Bizdə də bu ayın maaşı növbəti ayın 15-də verilir. O isə müsahibə verəndə yanvar tamam olmamışdı. Yəni, belə nüanslar var. Özü də etiraf edib ki, klubdan narazılığı yoxdur, gələcəkdə də olmaz. Futbolçuları başa düşürəm, onlar klubu pulsuz tərk edib getmək üçün yollar axtarırlar. Amma sual olunur: Səni külli miqdarda pul ödəyib gətirmişəm, satışa qoyuramsa, ya satılacaqsan, ya da satılmasan, qalacaqsan komandada, onun şərəfini qoruyacaqsan, aybaay maaşını alacaqsan. Müqavilənin şərtləri nəyi tələb edirsə, onu da yerinə yetirməlisən.
- Bizdə futbolçu "oğurlamaq" da var... Klublar Komitəsinin iclasında bu məsələni tənzimləmək olmaz?
- Rəmiş Malıyev bu işlə məşğul olur və komitəmizin iclasında da iştirak etdi. Hesab edirəm ki, "Xəzər Lənkəran" yox, digər klublarda da bu cür mübahisələr baş verirsə, bu, PFL və AFFA-dan o tərəfə getməməlidir. Amma sevindirici haldır ki, indi Azərbaycan FİFA-nın siyahısında ən az şikayət olunan ölkələr sırasındadır.
- "Xəzər Lənkəran"dan gedən Elnur Abdullayev "Simurq"la oyunda qol vurduqda bunu çılqınlıqla qeyd etdi. Buna reaksiyanız necə oldu? Franko Nildo da "İnter"də qol vuranda çılğınlıqla sevinirdi...
- Nildoya peşəkar futbolçu kimi yanaşıram. O, AZAL-dan "Xəzər Lənkəran"a gəldi, bizdən də "İnter"ə transfer olundu. Franko, ümumiyyətlə, bütün qollarına sevinir. Bir müddətdir ki, qol vura bilmirdi, hətta penaltini yerinə yetirməyi bacarmırdı, ona görə bizdə çıxış etdiyi vaxt AZAL-a qol vuranda elə sevinmişdi. Ancaq Elnur qol vurandan sonra hətta süni otu öpdü (gülür). Qol sevincini çılğınlıqla qeyd etməsinin səbəbini Elnurun özündən soruşun. Pis futbolçu deyildi və normal münasibətdə olmuşuq. Təki digər klublara da çoxlu qol vursun. Mən yaxın gələcəkdə inanmıram ki, o, yenə hansısa komandaya qol vura bilsin. "Xəzər Lənkəran"da 4 il ərzində 4 qol vurmayıbsa, beləsinə nə deyə bilərsən? Heç nə. Bu, paradoksdur. Buna görə də komandada öz yetirmən, öz futbolçun oynamalıdır.
- Kamran Ağayevin Türkiyəyə gedişinə münasibətiniz necədir?
- Millinin hər bir oyunçusunun klubu olmalıdır, çıxış etməlidir. Bu məsələni Kamran Ağayev, "Qəbələ" səviyyəsində düşünmək lazım deyil. Düşünmək lazımdır ki, Kamran oynamasa, millinin şərəfini necə qoruya bilər? Budur ən böyük problem.
- Son vaxtlar azarkeşlərlə futbolçular arasında daha çox münaqişə yaşanır...
- 10 ildən çoxdur futbol təsərrüfatındayam, həmişə azarkeşlərlə sıx əlaqədə olmuşam. Hesab edirəm ki, hər hansı futbolçu tribunada azarkeşin hərəkətindən asılı olmayaraq, ona qarşı tərbiyəsizlik edirsə, ona başucalığı gətirmir. Futbolçu şortiki geyinərək meydana azarkeş üçün çıxır. Nə klub rəhbəri, nə də özü üçün çıxır. Azarkeş təhqir də etsə, əlində təhqir pankartı da nümayiş etdirsə, futbolçu ona reaksiya verməməlidir. Bu, bilirsiniz nəyə bənzəyir? Elə bir teatrda səhnəyə çıxırsan. Kimsə yerdən sənə atmaca atır, sən də ayaqqabını ona tuşlayırsan. Belə olmaz axı. Futbolçunun peşəkarlığından çox şey asılıdır. Tribunada nə qədər təhqir də etsələr, ona qarşı nalayiq hərəkət də olsa, reaksiya verməməlidir. Sabah gedib həmin klubdan, azarkeşlərindən şikayət edə bilər. Amma hansısa azarkeşlə ağızlaşmamalıdır. Bəlkə çağırsın, şillə-yumruq davasına çıxsın? Futbolçular azarkeşlərə nə qədər çox reaksiya verirlərsə, belə hallar o qədər də çoxalır. Futbolçular belə hallarla əlaqədar azarkeşə cavab verməsə, onlar da bunu görəcək və bir daha bu cür hərəkətlərə yol verməyəcəklər. Şəxsən bizim klubumuzun nizamnaməsində var ki, azarkeşlərə qarşı sərt reaksiya, meydanda mədəniyyətsizlik edilməməlidir. AFFA-nın belə hallar baş verdikdə sanksiya tətbiq edib-etməyəcəyi bizi maraqlandırmır. İlk növbədə, öz sanksiyalarımız var və biz onu tətbiq edirik. Mən hesab edirəm ki, buna ilk növbədə, klubdan başlamaq lazımdır. Klub özü lazım gəlsə, sanksiya tətbiq etməlidir. Azarkeşlərlə də iş aparılmalıdır. Onlara başa salmaq lazımdır ki, bu, futbolçudur, bu peşənin sahibidir, təxribata çəkmək olmaz. Amma yenə deyirəm: Futbolçu nə qədər sıfır reaksiya bildirsə, inanın mənə, klubun problemləri də olmayacaq.