AFFA Məşqçilər Komitəsinin üzvləri yığma komandalarla birgə səfərlərə yollanacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a Komitənin sədri Vaqif Sadıqov xəbər verib.
V.Sadıqov özünün əsas milli ilə birgə bu gün Avstriyaya, oradan da Norveçə yollanacağını bildirib. Şakir Qəribov iyunun 8-də 17 yaşadək futbolçulardan ibarət yığma komanda ilə Gürcüstana və Qazaxıstana səfər edəcək.
Komitənin digər üzvü Şahin Diniyev isə iyunun 10-da 21 yaşadək futbolçulardan ibarət milli ilə birgə Danimarkada təlim-məşq toplanışında iştirak edəcək. Toplanışı başa vurduqdan sonra komanda Farer adaları ilə Avropa çempionatının seçmə oyununa yola düşəcək.
Qeyd edək ki, Şahin Diniyev və Şakir Qəribov Məşqçilər Komitəsinin üzvü kimi son səfərlərinə yollanacaqlar. İyulun 1-dən Ş.Diniyev Gəncənin "Kəpəz" klubunda baş məşqçi, Ş.Qəribov isə onun köməkçisi qismində çalışacaq.