Nnoyabrın 18-də İspaniyanın Linares şəhərində qadın şahmatçılardan ibarət milli komandalar arasında dünya çempionatı start götürəcək.
Sportnet.az xəbər verir ki, mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.
6 gün davam edəcək dünya çempionatına 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. Bu qarşılaşma 1-2 noyabrda Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.
İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn milli komanda dünya çempionatına vəsiqə qazanacaq.
Azərbaycan milli komandası seçmə matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.
Azərbaycan-Özbəkistan arasında seçmə matçın baş hakimi Faiq Həsənovdur.
Qeyd edək ki, yarışın açılış mərasimi 1 noyabr tarixində saat 11-00-da başlayacaq.







































































